AZXEBER.COM Fazil Mustafanın "facebook" hesabında paylaşdığı yazını təqdim edir:
"Teleaparıcı xanım Zamirə Dadaşovanın xəstəxana sistemində başına gətirilənlər həqiqətən də bir sıra problemlərin cəmiyyətdə müzakirə olunmasını daha da aktuallaşdırdı. Naşılıq və məsuliyyətsizlik nəticəsində uşaq tələf olmuş, ana isə ölümdən təsadüf olaraq dönmüşdür. Bu yüzlərlə qapalı qalan hadisədən çox cüzi hissəsinin cəmiyyətə çatdırılmasıdır. Azərbaycanda qadınların hamiləlik dövrü, xəstəxanada müayinə və müalicə proseduru, doğuşdan sonra körpənin taleyi, əsasen Allah ümidinə buraxılır və müvafiq qurumların bu sahədə məsuliyyət çərçivəsi dəqiq müəyyənləşməyib. Konkret təyinatı olan müavinətin ləğv edilməsi və verilən birdəfəlik müavinətin cüzi olması hər bir ailəni ağır xərclərin girdabına salmışdır. Söhbət təkcə məsuliyyətsiz, savadsız və naşı həkimlərdən, tibb personalından getmir. Azərbaycanda həm də öz peşəsini layiqincə bilən, məsuliyyətini dərk edən həkimlər və tibb işçiləri var. Əslində bu sistemdə olan hədsiz mərkəzləşmə və naşı adamların idarəetmədə başa çıxarılması, bütövlükdə sistemi iflic vəziyyətə gətirmişdir. Söhbət sistemin yanlış quruluşundan, yanlış idarəetmədən və bu sahədə olan qüsürlu dövlət siyasətindən gedir. Azərbaycan Avropa məkanında tək ölkələrdən biridir ki, burada "Pasientin hüquqlarının müdafiəsi haqqında" Qanun qəbul olunmur, həm də bilərəkdən. Bir neçə dəfə parlamentdə bu məsələni gündəliyə salmağı təklif etmişəm, təəssüf ki, qulaqardına vurublar. Doğrudur, qanunvericilikdə pasientin hüquqları ilə bağlı bir neçə maddə var, ancaq bu imkan vermir ki, dəqiq detallarına qədər həkim yanlışının, məsuliyyətsizliyinin maddi və mənəvi kompensasiyasını vətəndaşa və ya onun yaxınlarına ödəmək mümkün olsun.
Ümumiyyətlə, Azerbaycanda yaxın gələcəkdə hətta ən uğurlu kadrları iş başına gətirsələr belə, məhkəmə, səhiyyə və təhsil sahəsində illərcə üst-üstə yığılan problemləri və fəsadları ortadan qaldırmaq mümkünsüz görünür. Burada dövlət siyasətində köklü inqilabi dəyişiklik etmək qaçınılmazdır.
İlk olaraq bu sahələrə olan ənənəvi ideoloji baxış ortadan qaldırılmalıdır. Sovet sistemindən miras qalan bir anlayışla bu sahələrdə olan personal dövlətdən asılılıq səviyyəsinə görə sabit sistem müdafiəçiləri kimi baxılmışlar. Halbuki, modern cəmiyyətlərdə bu faktor bilavasitə insanlarda ədalətsizlik duyğusu, sağlamlıq risqi və savadsızlıq sindromu formalaşdırır. Dövlətə sevgi ilə deyil, qorxu ilə bağlılıq duyğusu yaradır.
İkinci vacib faktor, səlahiyyətli mövqelərə təyin olunan kadrların peşəyə deyil, təyin edən şəxslərə sədaqət meyarı ilə seçilməsidir. Bu isə keyfiyyətlərin rəqabətini inkar edir və nəticədə naşı, məsuliyyətsiz idarəetmə və bunun icraçıları xəstənin doğru müalicəsini təmin edə bilmir, vətəndaşımıza normal təhsil verə bilmir, məhkəmədə qebul olunan qərarların ədalətliliyi hər zaman şübhə doğurur.
Fikrimcə, Zamirə Dadaşovanın yaşadığı faciə ilə bağlı hazırlıqlı və tibb sahəsini bilən jurnalistlər tərəfindən ciddi araşdırma aparılmalıdır və nəticələri ictimaiyyətə açıqlanmalıdır. Bizlər də Milli Məclisdə bu məsələni gündəmə gətirərək, baş verənlərin bir daha təkrarlanmaması üçün Qanunvericilikdə məsuliyyətin güclənməsinə nail olmağa çalışmalıyıq. Təbii ki, qanunun qəbul olunması ilə vəziyyətin düzələcəyini iddia edəcək qədər sadəlövh deyiləm. Ancaq dünyanın sonu deyil, bu ölkənin problemlərini həll etmək imkanımız olmasa da, gələcəyimizlə bağlı hamımızın cavabdehliyi var və bundan qaçmaq haqqımız yox".