Deputatlar 2 yaşlı uşağı bədbəxt edən otelin sahibini yıxıb-sürüdülər

Deputatlar 2 yaşlı uşağı bədbəxt edən otelin sahibini yıxıb-sürüdülər
Bütün Xəbərlər
00:45 27.07.2013
4585

Zahid Oruc: “Nizami İsgəndərovun bu hadisəyə biganə qalmasına inana bilmirəm”

Fəzail İbrahimli: “İnsani duyğularla yaşayan hər kəs o ailənin harayına cavab verməli idi”

İlham Məmmədov: “Dövlət başçısı məsələyə operativ müdaxilə etməklə hər bir azərbaycanlının prezidenti olduğunu bir daha sübut etdi”

Elmira Axundova: “Nizami İsgəndərov və onun kimi sahibkarlar bu hadisədən çox ciddi nəticə çıxarmalıdırlar”

İyulun 21-də Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village”də baş verən hadisə bütün ölkə ictimaiyyətini sarsıtdı. Bir daha bildirək ki, həmin gün Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə atası ilə birlikdə istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. Nəticədə üçyaşlı uşağın hər iki ayağı kəsilib. Məsələyə prezident İlham Əliyev birbaşa müdaxilə edib. Prezidentin tapşırığı ilə hər iki ayağını itirmiş üçyaşlı İ.Cəfərzadənin müalicə xərcləri dövlət hesabına ödəniləcək. Körpənin müalicəsi üçün artıq Berlində klinika müəyyənləşib.

Bu arada “Nabran Holiday Village”nin sahibinin kimliyi bəlli olub. Milliyyet.az saytının yaydığı xəbərə görə, sözügedən istirahət mərkəzi sabiq deputat Nizami İsgəndərova məxsusdur. Daha doğrusu, “Nabran Holiday Village” istirahət mərkəzi “CTF” firması tərəfindən icarəyə verilib ki, həmin firmanın təsisçisi və rəhbəri də məhz N.İsgəndərovdur. Məlumata görə, hadisədən dərhal sonra uşağın valideynləri istirahət mərkəzinin sahibi N.İsgəndərova müraciət etsə də, sabiq deputat İmranın əməliyyat olunması ilə bağlı müraciəti cavabsız qoyub. N.İsgəndərov obyektinin bağlanmaması ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət də edib. Lakin o bütün ölkəni şoka salan bu olaydan sonra istirahət mərkəzinin bağlanmaması ilə bağlı verilən qərarı dəyişdirməyə müvəffəq olmayıb.

Onu da bildirək ki, 2005-2010-cu illərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat olmuş N.İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və “CTF” firması ilə yanaşı “Cavid” və “Sumqayıt” ticarət mərkəzlərinin də sahibidir. Milli Məclisə 2010-cu ildə keçirilən dördüncü çağırış seçkilərdə iştirak etməyən N.İsgəndərov çox qısa zaman kəsiyində parlamentin spikeri Oqtay Əsədovun köməkçisi vəzifəsində də işləyib. Onu da bildirək ki, N.İsgəndərovun atası Zaman İsgəndərov da Sumqayıtda imkanlı iş adamı kimi sayılıb. Uzun illər, hələ sovetlər birliyi zamanından Sumqayıt Univermağına rəhbərlik edib və “Univermaq Zaman” kimi tanınıb.

Bəs, belə bir imkanlı şəxsin zərərçəkmişə kömək etməkdən yaxasını kənara çəkməsi humanizm prinsiplərinə, mənəvi dəyərlərə ziddir və qınanmağa layiqdir. Bu mövzu ilə bağlı Milli Məclisin deputatlarının mövqeyini öyrəndik.

Deputat Zahid Oruc hadisədən təəssüf hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu hadisənin məhz turizm məkanında baş verməsi şok effekti doğurub. Bundan sonra ailəvi istirahət qərarı verən insanlarda da tərəddüd yaradıb. Z.Oruc qeyd edib ki, bu hadisə heç şübhəsiz Azərbaycanın turizm sektoru barədə mənfi fikirlərin yaranmasına da səbəb olacaq: “Bu mənada, hadisəni məhz öz lokal çərçivədə saxlamaq, eyni zamanda humanizm nümayiş etdirərək baş vermiş hadisənin aradan qaldırılması və körpənin bundan sonrakı dönəmdə sağlamlığının mümkün dərəcədə qorunması üçün dövlət başçısının atdığı addım kifayət qədər yüksək mənəvi hadisədir, eyni zamanda alicənablıq nümunəsidir”. Z.Oruc qeyd edib ki, sözügedən istirahət məkanının keçmiş deputata məxsus olması barədə xəbərlərin nə dərəcədə doğru olduğunu bilmir: “Açığı mən həmin obyektin sahibinin, yaxud yönləndiricisinin Nizami İsgəndərov olub-olmadığını bilmirəm. Yalnız onu deyə bilərəm ki, hadisə üzərindən ictimai etirazlar nə dərəcədə başa düşüləndirsə, bir o qədər də Nizami İsgəndərovun bu hadisəyə biganə qalmasına heç cür inanmaq istəmirəm. İnana da bilmirəm. Düşünürəm ki, bununla bağlı məsələlər aydınlaşandan sonra buna daha dəqiq qiymət vermək mümkün olacaq. Digər tərəfdən, situasiyanın hazırkı anında, yəni haqlı olaraq bütün qəzəb və nifrətin meydana çıxdığı bir dövrdə mən də buna qoşularaq mənfi qiymət vermək istəmirəm. Çünki bütün bunlar təsdiq olunmalı və sübuta yetirildikdən sonra daha yaxşı qiymət verilə bilər”.

Milli Məclisin deputatı Fəzail İbrahimli isə bildirib ki, insani duyğularla yaşayan hər bir kəs İmranın müalicəsi üçün imkanlarını əsirgəməməli, ailəyə maddi və mənəvi dayaq olmalı idi. O qeyd edib ki, digər tərəfdən heç bir obyektin sahibi onun obyektində bu cür hadisənin baş verməsini istəməz: “Ümumiyyətlə, mən hesab edirəm ki, belə hallarda insanı yalnız insani hisslər, insani duyğular, insanın içərisindən gələn haray səsləyir və insan o haraya cavab verir. Demək, kimdə o yoxdursa, o artıq müzakirə obyekti deyil. Bu məsələyə laqeyd münasibət bəsləyən insanların, xüsusilə də texniki təhlükəsizlik qaydalarına cavabdehlik daşıyan insanların laqeydliyi dövlət başçısının humanistliyi fonunda tam ifşa olunur”.

Deputat İlham Məmmədov deyib ki, istirahət mərkəzinin rəhbərliyinin laqeydliyindən fərqli olaraq, dövlət başçısının məsələyə operativ müdaxiləsi İlham Əliyevin hər bir azərbaycanlının prezidenti olmasının sübutudur. O qeyd edib ki, digər tərəfdən bu məsələdə kiminsə həddən artıq tənqid olunması da lazım deyil: “Hər birimiz Allahdan o uşağa şəfa diləməliyik. Hadisədir, olub. Amma gərək olmayaydı”. Deputat qeyd edib ki, əgər İ.Cəfərzadə “Semaşko” kimi tanınan Mərkəzi Klinik Xəstəxanaya gətirilibsə, orada fəaliyyət göstərən peşəkar həkimlər var və onların uşağı əməliyyat etməkdən imtina etməsinə inanmaq istəmir: “Əsas məsələ ondadır ki, möhtərəm prezidentimiz hadisənin baş verdiyi günün səhəri günü həmin uşağı öz diqqətinə götürüb. Bundan böyük nə ola bilər?”click to applyMilli Məclisin deputatı Elmira Axundova isə bildirib ki, N.İsgəndərov və onun kimi sahibkarlar bundan özləri üçün çox ciddi nəticələr çıxarmalıdırlar. O qeyd edib ki, həm Fovqəladə Hallar Nazirliyinin, həm də digər dövlət qurumlarının əməkdaşları turizm obyektlərində çox ciddi yoxlamalar aparmalıdırlar: “Bu uşağın faciəsi bizə dərs olmalıdır. Bəlkə də bundan sonra turizm obyektlərində təhlükəsizliklə bağlı lazımi tədbirlər görüləcək ki, daha bu cür faciələr baş verməsin. Bir-iki manat qazanmaqdan ötrü insanların həyatını təhlükəyə atmaq olmaz”.

Bununla belə o, qeyd edib ki, bu hadisə Azərbaycan cəmiyyətinin humanist olduğunu, bir-birinə yardım etmək iqtidarında olduğunu göstərdi: “Dərhal neçə-neçə insan bu yardım kampaniyasına qoşuldu. Yardım üçün hesab nömrəsi açılandan sonra şəxsən mən və mənim həmkarlarım o hesaba pul köçürdük. Bilirsiniz ki, prezidentimiz bu məsələyə dərhal reaksiya verdi. Bu nədən irəli gəlirdi? Ondan irəli gəlirdi ki, jurnalistlər bu məsələni ictimailəşdirdilər. Mən siz jurnalistlərə, o cümlədən Publika.az saytına və “Gündəlik Teleqraf” qəzetinə minnətdaram ki, Siz bu hadisəni çox operativ və obyektiv şəkildə insanlara çatdırdınız. Siz bizi birləşdirdiniz. Mən sizə çox minnətdaram ki, biz bu faciədə bir olduq. Biz göstərdik ki, biz doğrudan da humanist, demokratik cəmiyyətik və bir-birimizin imdadına yetişə bilirik”.

//”Gündəlik Teleqraf”

OXŞAR XƏBƏRLƏR