Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər.
Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında deputat Mircəlil Qasımlı da "ChatGPT”dən istifadə etdiyini bildirib və süni intellektin imkanlarından danışıb. Deputat qeyd edib ki, "ChatGBT” çox yaxşı şeydir.
İnsan "ChatGPT” ilə ünsiyyət qurarkən verdiyi suallar onun maraqları və düşüncə tərzi barədə müəyyən təsəvvür yarada bilər.
Bəs digər deputatlar süni intellektdən istifadə edirlərmi? Onlar süni intellekt alətlərindən hansı məqsədlər üçün yararlanırlar?
AZXEBER.COM Milli Məclisdə deputatlar arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:
Milli Məclisin deputatı Vüqar İskəndərov:

"Süni intellekt alətlərindən zaman-zaman istifadə edirəm. ChatGPT, Gemini kimi platformalardan yararlanıram. Bu alətlər gündəlik fəaliyyətimizdə müəyyən dəstək göstərə bilər. Amma onlardan hər gün istifadə etmirəm. Mən əsasən məlumat əldə etmək, məlumatları dəqiqləşdirmək və fikirləri redaktə etmək üçün süni intellektdən istifadə edirəm və bunun müsbət nəticələrini görürəm.
Süni intellektdə yanlış məlumatların olması da mümkündür. Buna baxmayaraq, düşünürəm ki, çox faydalı və yaxşı bir alətdir və gündəlik fəaliyyətimizdə mühüm rol oynaya bilər. Süni intellektdən istifadə artıq günümüzün tələblərindən birinə çevrilib. Dövlətlər də süni intellektlə bağlı geniş fəaliyyətə başlayıblar".
Milli Məclisin deputatı Ceyhun Məmmədov:

"Süni intellekt bəşəriyyətin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu gün dünyada süni intellektə maraq artıb və daha çox insan ondan istifadə edir. Bizim ölkədə də bu istiqamətdə addımların atıldığını müşahidə edirik.
Mən hesab edirəm ki, hər bir insan müasir texnologiyalardan, avadanlıqlardan və sistemlərdən anlayışlı olmalıdır. Mən süni intellektdən istifadəyə normal yanaşıram. Amma süni intellektə tam inanmağın tərəfdarı deyiləm. Süni intellektlə müəyyən işləri görə bilərik, lakin bu, kütləvi xarakter almamalıdır.
Mən bəzən hansısa məsələləri öyrənmək və dəqiqləşdirmək üçün süni intellektə müraciət edirəm. ChatGPT, Google-un süni intellekt alətlərindən istifadə edirəm. Lakin oradan əldə olunan məlumatları yoxlamadan istifadə etmək düzgün deyil".
Milli Məclisin deputatı Pərvanə Vəliyeva:

"Süni intellekt siyasətdə gələcəyin ən təsirli advokasiya vasitəsi olacaqdır. Bu təsirin mənfi və müsbət cəhətləri var. Bu gün belə milyardlarla insanın məlumat almaq üçün istifadə etdiyi vasitə olan süni intellektin hafizəsinə istənilən siyasi mövzunu lehinə və ya əleyhinə şəkildə yerləşdirərək onu manipulyasiya etmək mümkündür. Yetər ki, ona elektron, etibarlı mənbələr verək. Süni intellekt axtarış zamanı ilk növbədə etibarlı və nüfuzlu mənbələrə üstünlük verərək rəsmi internet saytlarına, rəsmi sənədlər və nəşrlərə, BMT, hökumət və digər institusional mənbələrə, etibarlı xəbər təşkilatlarına və uyğun olduqda akademik və tədqiqat mənbələrinə müraciət edir. Məsələn, son günlərdə erməni saxtalaşdırmasının "qurbanı” olan Xudavəng və Gəncəsər monastrlarının tarixi ilə bağlı erməni cəmiyyətinin sosial şəbəkələr, xüsusilə X üzərindən apardığı media propaqandasının nəticəsidir ki, "Grok” və "Claude” yanlış məlumat təqdim edir. Fikrimcə, beynəlxalq domainlə abidələrimizin rəsmi vebsaytlarını yaratmalıyıq və bunu sürətli etməliyik. Bütün kibertəhdidlərin fonunda, bu gün abidələrimizin tarixi barədə məlumatları qorumaq, gələcək nəsillərə düzgün çatdırmaq onu fiziki olaraq qorumaqdan daha vacibdir.
Süni intellektlə bağlı müxtəlif ölkələrdən parlamentarilərlə müzakirəmiz olmuşdu. Dövlətlər artıq data suverenliyi üçün öz süni intellektlərini yaradırlar. Düşünürəm ki, qanunverici çərçivə süni intellektin imkanlarından yararlanmağı təşviq etmək üçün və eyni zamanda onun mənfi təsirlərinin qarşısını almaq üçün ən güclü vasitədir.
Şəxsi təcrübəyə gəldikdə isə, süni intellekt məlumat almaq üçün hər zaman doğru vasitə olmaya bilər, ona birbaşa suallar vermək yerinə, onu sualla birgə doğru mənbəyə də yönləndirməliyik. Daha çox OpenAI və irihəcmli kitabları təhlil üçün Google - Gemini Notebook istifadə edirəm.
Ölkəmizdə həm tibb, həm də kənd təsərrüfatı sahəsində tətbiq olunan süni intellektlə modelləşdirilmiş proqramların üstünlükləri ilə tanışam. Bu kimi sistemlər resurslarımızın səmərəli istifadəsi və dövlət büdcəsi xərclərinin azalmasına gətirib çıxardığı üçün təqdir edirəm".
Milli Məclisin deputatı Elman Nəsirov:

"Hələ ki, süni intellektdən istifadə etmirəm".
Şahanə Ziyad