Deputatlar və Hacı Şahin “Sevgililər Günü”-ndən danışdı

Deputatlar və Hacı Şahin “Sevgililər Günü”-ndən danışdı
Bütün Xəbərlər
16:39 14.02.2014
1149

“Bəzi gənclərimizin bu tip fikirlərin təsirinə düşməsinə təəssüf edirəm”.

Azərbaycanda 14 fevral - Müqəddəs Valentin gününün “Sevgililər Günü” kimi qeyd olunmasına tanınmışların münasibəti fərqli olub.

AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, açıqlmasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova bildirib ki, 14 fevral sərhəd tanımır:

“Bu gün hər bir gənc bir-birinə gözəl münasibətlərini ifadə edəcək. Bütün günlərin “Valentin Günü” kimi olmasını arzu edirəm”.

Deputat Zahid Orucisə məsələyə fərqli prizmadan baxaraq “Valentin Günü”nün qeyd olunmasının dünyəvi hadisəyə çevrildiyini və ənənələrinin yarandığını vurğulayıb:

“Dövlətlərin qərarlarından asılı olmayaraq bu gün gənclərin həyatında önəmli bir tarixə çevrilib. Ona görə də bu prosesə hansısa başqa fərqli alternativ milli günlərlə qarşı getməklə də axının qarşısını almaq olmur. Əgər insanların könüllü qoşulmaları baş verməsəydi, bu, kütləvi bir hadisə olmazdı”.

Azərbaycanda “Sevgililər Günü”nün 20 Yanvar şəhidləri İlham və Fərizənin ailə qurduğu 30 iyun tarixində keçirilməsi təkliflərinə münasibət bildirən Z.Oruc deyib ki, əslində bu günü bir tarixin üzərində şifrələmək düzgün deyil:

“Mən milli sevgi gününün qeyd olunmasının tərəfdarıyam. Digər tərəfdən də faktdır ki, dünyada bu hadisə mövcuddur və biz sərhədlərimizi bağlasaq belə bu günün gedişinə təsir göstərə bilmirik. Hər kəsin bu məsələdə azad yanaşmasının tərəfindəyəm”.

İlahiyyatçi Hacı Şahin Həsənli isə bildirib ki, Azərbaycan dünyaya inteqrasiya olunan bir ölkədir:

“Bu, özü-özlüyündə müsbət bir prosesdir. Bütövlükdə heç bir dövlət, xalq təcriddə yaşamamalıdır və bu ola da bilməz. Amma bunun fəsadları da var”.

Fəsadlar haqqında danışan Ş.Həsənli deyib ki, bəzi hallarda xalq ona xas olmayan yabançı mədəniyyətin təsirinə düşür:

“Bunun üçün də bir süzgəcə ehtiyac var. Yəni öz milli-mənəvi dəyərlərimizi süzgəcdən keçirtməliyik, bəzi yabançı ənənələri də. Bizə xas olmayan ənənələri qəbul etmək mənfi bir tendensiyadır. Çünki milli kimliyini, dəyərlərini itirmiş millət hər şeyini əldən vermiş olur. Ona görə də bizim mədəniyyətimizə xas olmayan ağıla, məntiqə uyğun olmayan günləri qeyd etməyi yanlış hesab edirəm. Bəzi gənclərimizin də bu tip fikirlərin təsirinə düşməsinə də təəssüf edirəm”.

OXŞAR XƏBƏRLƏR