Milli Məclisdə “Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi”nin müzakirəsi aparılıb.
AZXEBER.COM-un məlumatına görə, İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihənin 164.1.8 maddəsinə uyğun olaraq, Azərbaycanda ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatı istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti vergidən azad olunması təklif olunur.Layihədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət əhəmiyyətli nəşrlərə əlavə dəyər vergisinin tətbiqi saxlanır:“Bu məsələ bir qədər problemli idi. Hər bir kəs müvafiq icra hakimiyyətinin adından istifadə edərək yazıları vergi ödəmədən dövlət əhəmiyyətli nəşr adı ilə çap etdirə bilirdi”.YAP-dan olan deputat Siyavuş Novruzov isə deyib ki, kitab məsələsinə biznes sahəsi kimi baxmaq lazımdır:“Elə şəxs var ki, ildə yeddi kitab yazır. Mən buna etiraz eləmirəm. Ola bilsin ki, şəxsin istedadı var, gecə-gündüz yatmır və işləyir. Bu sahəyə sosializmdə olduğu kimi baxmaq doğru deyil”.AMEA-nın Şərqşünaslıq İnstitutunun rektoru, deputat Gövhər Baxşəliyeva isə nəzərdə tutulan bu dəyişikliyi dəstəkləyib və deyib ki, dövlət bununla təhsilə münasibətini ortaya qoyur:“Biz ümid edirik ki, bu kimi güzəştlər elmi nəşrlərə də tətbiq ediləcək. Mən sırf elmə aid olan fundamental kitabları nəzərdə tuturam. Onları çap edəndə maya dəyəri yüksək olur. Bizdə onu mübadiləyə veririk. Çünki maya dəyərindən aşağı satışa qoya bilmirik. Elmi işçilər isə bunu ala bilmirlər. Mən istərdim ki, gələcəkdə elmi ədəbiyyat nəşrindən də ƏDV götürülsün”.Spiker Oqtay Əsədov isə deyib ki, belə davam etsə təklif olunacaq ki, poliqrafiya sahəsindən vergilər götürülsün.Deputat Sabir Rüstəmxanlı isə bu sahədə ardıcıl siyasət aparıldığını bildirib:“Latın qrafikası ilə dünya ədəbiyyatı çap edilir, məktəblərə paylanılır. Bu inqilabi addım idi. Bunun ardınca dərsliklərin pulsuz verilməsi ciddi addımdır. İndi uşaq ədəbiyyatının və dərsliklərin vergidən azad edilməsi istiqamətində addım atılır. Bu gün dərsliklərin kim tərəfindən çap edilməsi araşdırılmalıdır. Təəssüf ki, bu sahədə bir monopoliya var. Biz burada həmin monopolistlərə şərait yaradırıq, əvəzində isə kiçik nəşriyyatlar pis vəziyyətdə qalır. Əgər belədirsə, kitab nəşri vergidən azad edilməlidir. Bu dövlətin siyasətinə uyğundur.Mənim həmkarım Siyavuş Novruzov deyir ki, kitab məsələsi bazarın işidir. Əgər bazara qalsa, biz ibtidai icma quruluşuna qayıtmalıyıq. Bu gün 10 minlik yaşayış məntəqəsində bir kitab mağazası yoxdur. Bu məsələdə milli düşüncə olmalıdır. Bu gün kitaba hücum var. Rayonda kitab mağazası yoxdursa, rayon əhalisi bunu haradan almalıdır, durub Bakıya gəlməlidir? Dərsliklərə də baxılmalıdır. Bəzən aidiyyəti olmayan şəxsin adı dərsliklərə salınır ki, bu da sonda milli ədəbiyyatımızın kənarda qalmasına səbəb olur. Biz toplaşıb bu məsələləri müzakirə etməliyik”.