Dəyərlər daşıyıcısı olan dəyərli xanım - KÖŞƏ

Dəyərlər daşıyıcısı olan dəyərli xanım - KÖŞƏ
KÖŞƏ
17:44 12.10.2012
2372

Kamil Həmzəoğlu Dəyərlər daşıyıcısı olan dəyərli xanım!

Düzünü deyim ki, bu yazını əslində düz iki il öncə -13 oktyabr 2010-cu il tarixində yazmışdım. Amma sonra bir daha yenidən bu yazıya qayıtmaq , ona əl gəzdirmək qərarına gəldim və baxıb gördüm ki, ötən iki il ərzində dünyamızda, o cümlədən, doğma Azərbaycanımızda bir çox şeylər dəyişsə, yaxud, dəyişim ərəfəsində olsa belə, dəyişməyən, dəyişməyəcək məqamlar, dəyərlər, ən əsası dəyişməyəcək yüksək dəyərlər daşıyıcısı, missiyaçısı olan dəyərli insanlar da var. Düzdür, bu insanların sıraları, çox təəssüflər olsun, getdikcə daralsa da, belə demək mümkünsə, onlar dünən də olublar, bu gün də yox və ya az deyillər, elə gələcəkdə də olacaqlar. Yəni, dünya yaxşılıqdan və yaxşılardan heç zaman xali olmayıb və olmayacaq. Odur ki, iki il öncə şəxsinə ithaf etdiyim bu yazını bəzi dəyişikliklər etməklə yenə oxucularla bölüşürəm.

***

İnsan həyatında ən əlamətdar, ən yaddaqalan günlərdən biri, heç şübhəsiz, doğum günüdür. Bəzi insanlar hər doğum gününü təmtəraqlı, ən azı öz yaxınları, öz çevrəsi ilə, bəziləri isə daha çox yubiley illərində qeyd etməyə, təbriklər almağa, xoş sözlər eşitməyə önəm verirlər. Ancaq həyatda elə insanlar var ki, onların nəinki yubiley doğum günləri, elə sıradan ad günləri dəəlamətdar hadisə kimi qeyd edilməyə dəyər. Bu insanlar yubiley doğum günlərində olduğu kimi, sıradan hesab edilən doğum günlərində də hər zaman xoş sözlər eşitməyə, təbriklər qəbul etməyə, onu sevənlərin ilgisi və ehtiramı iləəhatə olunmağa layiqdirlər. Sözsüz ki, belə insanlardan biri də Azərbaycan siyasətində, parlamentində və elmində özünəməxsus yeri, xidmətləri olan sabiq millət vəkili, filologiya elmləri üzrə fəlsəfə doktoru, Ziyalılar Forumunun üzvü Gültəkin xanım Hacıbəylidir. Gültəkin xanımın doğum günü Şərq təqvimində və aləmində bəzən nəhs rəqəm hesab edillən 13 rəqəmli tarixə təsadüf etsə də, bu rəqəm, bu tarix bir çoxlarından fərqli olaraq sözügedən şəxsə sözün bütün mənalarında düşərli olub, uğur gətirib. Əslində, bu uğurlar da elə-belə başa gəlməyib. Bunlar ağır zəhmət, gərgin anlar, iti zəka və sair hesabına əldə edilib. Gültəkin xanım Bakıda anadan olsa da, əslən yerlim, – qeyd edim ki, onunla qonşu kənddənik, – goranboyludur. Bir çoxları kimi, mən də onun adını ilk dəfə ikinci çağırış – 2000-ci il parlament seçkiləri zamanı eşitmişdim. Həmin vaxt çox gənc, siyasət aləmində hələ geniş tanınmayan bu xanım ata-baba yurdundan – Goranboy rayonundan seçkilərə qatılmışdı. Açığını deyim, həmin vaxt tanımadığım üçün Gültəkin xanıma deyil, onunla alternativ olan müxalifətçi bir şəxsə rəğbətimi bildirmişdim.

Hətta, işlədiyim “525-ci qəzet”də həmin şəxslə bağlı yazılar da vermişdim. Ancaq seçkilərdən çox az müddət – ANS-in “Nəzər-nöqtəsi” verilişinin qonağı olan Gültəkin xanımın sərt suallara sərrast və arqumentli cavablarından sonra öz fikrimdə və seçimimdə nə qədər yanıldığımı gördüm. Ümumiyyətlə, bir sabiq parlamentari kimi (əslində fəaliyyəti vəəməlləri ilə o bu gün də millətinin əsl vəkilidir) Gültəkin xanımın fəaliyyətini iki mərhələyə bölmək olar – 2000-2005-ci illər və 2005-2010-cu illər. Birinci mərhələdə Gültəkin xanım diqqətini əsasən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü kimi Azərbaycan reallıqlarını, Qarabağ həqiqətlərini bu mötəbər qurum vasitəsilə Avropa və dünya ictimaiyyətinə çatdırmağa yönəltmişdi. Həmin vaxt bir sıra həmkarı kimi Gültəkin xanım da yerli-yersiz, əsaslı-əsassız şəkildə ortaya atılan siyasi məhbus probleminin çözülməsi üçün böyük əziyyətlərə qatlaşmalı oldu. Əslində, bu problemdən bir bəhanə olaraq ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyən ermənipərəst dairələrin qarşısında dayananlardan biri də Gültəkin xanım oldu və ardıcıl, gərgin zəhmət hesabına bu problem AŞ PA-nın gündəliyindən çıxarıldı, tarixin arxivinə göndərildi. Eyni zamanda, onun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin digər üzvlərinin gərgin zəhməti hesabına nüfuzlu Avropa təşkilatı olaraq məhz sözügedən qurum ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsinə öz hüquqi-siyasi qiymətini verdi, Ermənistanın təcavüzkarlığını pisləyən qətnamə qəbul etdi. Halbuki 1996-cı ildən vasitəçilik missiyasını həyata keçirdiyini iddia edən ATƏT-in Minski qrupu və onun həmsədrlər institutu hələ də bu münaqişəyə öz hüquqi-siyasi qiymətini verməyib. Bununla belə, qısa bir zamanda AŞ PA-da böyük nüfuz və hörmət qazanan Gültəkin xanım bu qurumun bir sıra məsələlər – özü də təkcə hansısa ölkələrlə bağlı problemlər üzrə deyil, ümumavropa əhəmiyyətli mövzular üzrə məruzəçisi təyin edildi. Məhz onun fəaliyyəti və hazırladığı məruzə nəticəsində Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınan Moldovanın sabiq müdafiə naziri azadlığa buraxıldı... İkinci mərhələdə isə Gültəkin xanım daha çox seçicilərinin problemlərinin və qayğılarının həllinə öz diqqətini ayırdı. Gərgin zəhməti vəəziyyəti hesabına təmsilçisi olduğu dairənin kəndlərində işıq, qaz problemi tam olmasa da, demək olar ki, əsasən yoluna qoyuldu. Həmin kəndlərin kəndarası yolları abadlaşdırıldı, su kəhrizləri, uzun illərdən bəri təmirə ehtiyacı olan çoxsaylı məktəb binaları və uşaq bağçaları bərpa olundu, ən müasir standartlara cavab verən bir vəziyyətə gətirildi. Onun şəxsi təşəbbüsü, o cümlədən qardaş Türkiyə və Yaponiya səfirliklərinin dəstəyi ilə bir çox kəndlərdə artezian quyuları işə salındı, köhnələri təmir edildi, illərlə su üzünə həsrət qalan kəndlər su ilə təmin olundu. Gültəkin xanım öz şəxsi vəsaiti hesabına Şahməmmədli kəndində dördillik natamam orta məktəb binası tikdirib şagirdlərin istifadəsinə verdirdi.

Çoxlu sayda şəhid, Qarabağ müharibəsi veteranları, əlilləri ailələrinə, imkansız, yardıma ehtiyacı olan insanlara təmənnasız əl uzatdı, yardım etdi. Bununla kifayətlənməyən xanım millət vəkili cəbhə bölgəsi və daim erməni hərbi birləşmələrinin hədəfində olan Goranboyun – goranboyluların necə ağır, dözülməz şəraitdə yaşadığını, fəaliyyət göstərdiyini, əslində isə bununla Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin rəhbərlərini, təmsilçilərini mütəmadi olaraq cəbhə bölgəsində yerləşən kəndlərə gətirdi... Qeyd etmək istərdim ki, Gültəkin xanım fəaliyyəti dövründə hər zaman öz müstəqilliyi, bitərəfliliyi, tolerantlılığı, demokratikliyi, həmçinin türkçülüyü, milliyyətçiliyi ilə seçildi və elə bu gün də seçilməkdədir. Həmçinin, hansı siyasi düşərgəyə və ideologiyaya qulluq etməsindən asılı olmayaraq bütün siyasətçilərə, media nümayəndələrinə öz obyektiv münasibətini sərgilədi və sərgiləməkdədir. İstənilən məsələ ilə bağlı istənilən mətbu orqanının və nümayəndəsinin suallarını cavablandırdı və yaxud cavablandırmaqdan çəkinmədi. Hətta, dəfələrlə haqqında bəzi sabiq “həmkarları” tərəfindən mediaya ötürülən böhtan xarakterli yazılara, məlumatlara görə həmin insanları və media orqanlarını çoxları kimi məhkəmə ilə hədələmədi, onlara, sadəcə, öz tolerantlığı və intellekti ilə bir növ cavab verdi...

Yeri gəlmişkən, bir neçə il öncə Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi ətrafında iki qardaş və dost ölkə arasında yaşanan gərginlik zamanı Gültəkin xanım bir daha obyektivliyin, həqiqətin yanında olduğunu nümayiş etdirdi. Daim Azərbaycanın arxası və dayağı olan qardaş Türkiyənin üzərinə yerli-yersiz getmədi və bununla bir daha türkçü-milliyyətçi məfkurənin daşıyıcısı olduğunu sübut etdi. Yuxarıda qeyd etmişdim ki, Gültəkin xanım fəaliyyəti dövründə heç zaman insanlara, xüsusilə də fərqli siyasi və ideoloji dünyagörüşlərinin daşıyıcıları olan insanlara, media təmsilçilərinə fərq qoymayıb. Onların hamısına hörmətlə yanaşıb. Elə məhz buna görədir ki, Gültəkin xanım istər həmin dairələr, istərsə də bütövlükdə cəmiyyət tərəfindən əsl bitərəf, müstəqil millət vəkili, siyasətçi kimi qəbul edilib, tanınıb, hörmət-izzət sahibi olub.

Düzdür, bəzi insanlar hər fürsətdən istifadə edərək Gültəkin xanımı qəbuledilməyən, bəyənilməyən siyasətçi kimi cəmiyyətə təqdim etməyə çalışırlar - bu gün də çalışmaqda, ancaq heç bir nəticəəldə etməməkdədirlər - babalı onların boynuna, ancaq 2000-ci ildən bu yana onun fəaliyyətini yaxından izləyən bir şəxs , ən əsası ailəvi dostluq edən bir şəxs olaraq tam əminliklə demək istəyirəm ki, bu xanıma cəmiyyətin çox böyük kəsiminin böyük hörməti, ehtiramı var. Yaxşı xatirimdədir, bir xeyli müddət öncə (təxminən 2010-cü ilin ortaları) korifey sənətkarımız Zeynəb xanım Xanlarova ilə parlamentdə ayaqüstü söhbət edərkən, məndən hansı rayondan olduğumu soruşdu, biləndə ki, Goranboydanam, üzündə xoş bir ifadəəmələ gəldi və “sizin rayonun deputatına böyük hörmətim var. Gültəkin xanım çox ləyaqətli qızdır”,-deyə bildirmişdi. İndi də elə bilirəm ki, bu, həmin insanlara əsl cavabdır, onu qəbuledilməyən, bəyənilməyən kimi cəmiyyətə təqdim etməyə çalışanlara çox mətləbləri andıran və andıracaq bir məqamdır.

Bu yerdə həmçinin qeyd edim ki, çoxlarının gözlədiyinin, gözləntilərinin əksinə olaraq Gültəkin xanım 2010-cu ildə növbəti parlament seçkilərinə qatılmadı və bu, o zaman çeşidli dairələrdəən müxtəlif yozumlara, şərhlərə yol açdı və hələ də açmaqdadır. Çoxları o zaman (elə indinin özündə belə) bunun üzərində “baş sındıraraq” “çox uzağa gedən” nəticələr çıxarmağa cəhdlər göstərsələr də, əslində, həqiqət başqa idi. Gültəkin xanım , yuxarıda qeyd etdiyim kimi, elm adamı, dilçi olduğuna görə, o zaman bir müddət siyasi fəaliyyətinə ara verərək, öz elmi işləri ilə məşğul olmaq , doktorluq dissertasiyası üzərində işləmək qərarını verdi... Və üstündən bir müddət keçəndən sonra götürdüyü taym-autu aradan qaldıraraq, yenidən siyasətə, siyasət meydanına daha aktiv və fəal şəkildə qayıtdı, öz sözünü parlament tribunasından heç də aşağı olmayan (bəzi məqamlarda isə daha üstün sayıla biləcək) bir tribunada - millətimizin ən parlaq ziyalılarının bir araya gəldiyi Ziyalılar Forumunda dedi və deyir...

Bununla yanaşı, fürsətdən istifadə edib onu da qeyd etmək istərdim ki, Gültəkin xanım peşəkar siyasətçi, dəyərli elm adamı olmaqla yanaşı, həm də gözəl övlad, gözəl övlad anası, gözəl həyat yoldaşı, əsl Azərbaycan – türk xanımıdır. Gültəkin xanım haqqında çox danışmaq, çox yazmaq olar, ancaq elə bilirəm ki, bunlara ehtiyac yoxdur. Necə deyərlər, “görünən kəndə nə bələdçi?”

Son olaraq Gültəkin xanımın növbəti doğum günü münasibəti ilə təbrik edir, ona həyatında, yaradıcılığında, o cümlədən ictimai-siyasi-elmi fəaliyyətində uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər arzulayıram.

OXŞAR XƏBƏRLƏR