Deyirlər 'inqilab' olacaq - Mövqe

SİYASƏT
18:05 07.06.2013
3760
İnqilab — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçiddir. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi vəziyyətdə baş verir. Bəs yaxın zamanda Azərbaycanda inqilab mümkündürmü?
Qardaş Türkiyədə baş verən son hadisələri bir növ inqilab ərəfəsi adlandırmaq olar. Mövzum Türkiyə olmadığı üçün orada baş verən hadisələri analiz etməyəcəm. Azərbaycanda bir qrup müxalif təşkilatların gəncləri Türkiyədə baş verən olaylardan həvəslənib içlərində yaxın zamanda ölkəmizdə inqilab edəcəklərinə inam yaradıblar. Mən burada bir toplumun yox, öz adımdan danışdığım üçün bu barədə öz fikirlərimi səsləndirəcəm. Mənim fikrimcə siyasi inqilab üçün ilk öncə beyinlərdə inqilab olmalıdır. Beyin inqilabı isə gördüyüm qədəri ilə yalnız ictimai-siyasi aktiv gənclər təşkilatlarının üzvlərində baş verib. Bunların maksimum say isə 1000 gənc olar. Sayı bu qədər az gənclə inqilab etməyi düşünmək isə axmaqlıqdır.
Tam səmimi deyirəm, Azərbaycanda yaxın zamanda inqilab olacağına inananlar realizmdən uzaq düşən insanlardır. Ya da özləri də bilir, lakin qəbul etmək istəmirlər. Bundan əlavə bu xalqla heç bir yerə getmək olmaz, toya belə. İlk öncə maariflənmək şərtdir. Metro çıxışlarında durub qızlara söz atmaq, qəlyanla şəkil çəkdirib facebook profillərində paylaşmaq, `FBİ, YETİM, AGALİ, Кавказ` yazılı kepkalar taxmaq və başqa sadalamadığım iyrənc şeylər maariflənməkdirsə inqilab olardı.
Həmin insanlar `Lotu Bəxtiyar` kitabını oxumaqla maariflənirlər. Maariflənmək uğrunda çox işlər görülür, lakin bundan yararlananlar da eyni gənclərdir, hansı ki maariflənməyə ehtiyacları yoxdur. Bu halda iqtidarın dəyişilməsinə bir ümid yeri qalır, o da seçkilər.
Seçki — dövlət və ictimai təşkilatlarda vacib postların tutulması üçün keçirilən demokratik üsuldur. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir.
Hal hazırkı çürük müxalifətin seçkiləri qazanmağı da real görünmür.
Çünki müxalifət liderləri özləri özlərindən baş açmır. Xalqın rəğbətini qazanmayan müxalifətə xalq niyə səs verməlidir? 5 il vaxt müddətinin 4 ilini özləri üçün gəzib-dolaşan müxalifət qalan 1 ildə də qapı-qapı gəzib səs dilənirlər. Mini iqtisadiyyat olmazsa nə mikro, nə də makro iqtisadiyyat olar. Birbaşa olaraq makro iqtisadiyyatı ələ keçirmək istəyi axmaqlıq əlamətidir. Müxalifət də illərdir, daha doğrusu 20 ildir hakimiyyət iddiasındadır. Bir nəfər ağıllı adam çıxıb demədi ki `bəlkə liderliyə kiçik ərazilərin bələdiyyələrindən başlayaq?`. Ya da kimsə bu təklifi irəli sürüb, lakin müxalifətin mövqeyinə uyğun olmadığı üçün həmin adamın fikrinin üstündən xətt çəkib. Ya özlərinə çəki-düzən verib düzəlişə özlərinnən başlasınlar, ya da həmişəki kimi qrant yeyib hakimiyyət iddialarını geri çəksinlər.
Turxan Əliquliyev

OXŞAR XƏBƏRLƏR