"Deyirlər ki, ətin qiyməti 12 manat olacaq"

"Deyirlər ki, ətin qiyməti 12 manat olacaq"
Bütün Xəbərlər
23:40 27.09.2011
1433
Bazarlarda ətin qiymətinin süni şəkildə artırılması uzun müddət mətbuatda müzakirə edildi. Bu məsələ əlaqədar qurumları zərrə qədər narahat etməsə də, sadə xalq bunun əziyyətini kifayət qədər çəkib. Hətta bahalaşmaya görə bəziləri həftələrlə, aylarla ət üzünə həsrət qalır. Qiymət artımının cəmiyyətdə yaratdığı səs-küy azmış kimi, indi də bazarlarda süni ət qıtlığının yaranması haqqında müzakirələr gedir. Bazarda ət qıtlığının hansı səbəbdən yaranmasını isə hələlik heç kəs dəqiq bilmir. Sadəcə olaraq ekspertlər bunu ətin qiymətinin bahalaşması və ya Gürcüstandan ət gətirməyin artıq çətin olması ilə əlaqələndirirlər. İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, apardığımız araşdırmalar göstərir ki, bazarlarada ət qıtlığı doğrudan da süni şəkildə yaradılıb. Çünki bu gün Azərbaycanın ət istehsalında azalmalar müşahidə edilmir. Bütün bunlar bazarlarda ətin pərakəndə satışı ilə də əlaqədar ola bilər. Bundan başqa, bazarda yaranan ət qıtlığı ətin Gürcüstandan Azərbaycana gətirilməsində yaranan problemlərlə bağlı da ola bilər. Halbuki, Azərbaycan ətə olan tələbatının 75 faizini özü idxal edir. Bu sahədə bizim heç bir problemimiz yoxdur. Amma Gürcüstandan ət gətirilməsində yaranan problemlər müəyyən mənada bazarlara da təsir göstərə bilər. Bu normaldır.  V.Bayramovun sözlərinə görə, Azərbaycanda mal-qaranın sayı azalmasa da, rayonlarda fermerlər mal-qaranı satmağa tərəddüd edirlər. Çünki havalar soyuduğu zaman ətin qiyməti qalxır. Ona görə də fermerlər mal- qaranı belə vaxtlarda satmırlar. Havaların soyumasını gözləyirlər. Fermerlər arasında yayılan informasiyalara görə, yaxın vaxtlarda ətin qiyməti 12 manata qədər yüksələcək. Ona görə də bəzi fermerlər mal-qaranı satmaq üçün havaların soyumasını və ətin qiymətinin bahalaşmasını gözləyirlər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bu məlumatların hamısı əsassızdır. Bazarlarda ət qıtlığı kimi bir problem yoxdur. "Ölkəmizdə istər heyvanların baş sayı, istərsə də, ət istehsalı ötən illərə nisbətən artıb. Ölkədə heç bir ət qıtlığından söhbət gedə bilməz. Ətin bahalaşması süni qiymət artımından başqa bir şey deyil". Onun sözlərinə görə, mal əti 5 manat, qoyun əti 5 manat 50 qəpik, toyuq əti isə 2 manat 50 qəpik olmalıdır.Mənbə: Şərq qəzeti
OXŞAR XƏBƏRLƏR