Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciətində dezinformasiyanın geniş yayılmasının, həmçinin süni intellekt texnologiyalarından sui-istifadə edilərək saxta informasiya və materialların hazırlanmasının ictimai etimada birbaşa təsir göstərdiyini bildirib.
Dövlət başçısının fikirləri süni intellektin mediada tətbiqinin yaratdığı imkan və riskləri, eləcə də bu texnologiyaların jurnalistikanın etibarlılığına mümkün təsirini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan BDU-nun professoru Qulu Məhərrəmli bildirib ki, bu gün əsas problemlərdən biri auditoriyaya dəqiq və etibarlı informasiya çatdırılmasıdır:
"Bu gün təkcə kütləvi informasiya vasitələrinin deyil, informasiya ilə bağlı bütün sahələrin, peşəkar jurnalistikadan sosial şəbəkələrə, qəzet və televiziyalara qədər bütün platformaların qarşısında mötəbər, güvənli və auditoriyaya doğru-dürüst məlumat çatdırmaq ciddi problemə çevrilib. Ona görə də bu gün Bakıda keçirilən, AQEM-in rəhbərliyi və himayəsi ilə təşkil olunan "Qüvvələşmiş dünyada media və jurnalistlərə etimadın qurulması” mövzusunda media forumunun xüsusi əhəmiyyəti var. Konfransda müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışlarını dinlədikcə görürsən ki, məsələnin əsas mahiyyəti nəticə etibarilə güvənli informasiyaya gəlib çıxır”.
Q. Məhərrəmlinin sözlərinə görə, müxtəlif informasiya mənbələrinin artdığı bir şəraitdə etibarlı informasiyanın seçilməsi əsas məsələlərdən biridir:
"Buna görə də bizim bölgə üçün, xüsusən müxtəlif dövlət quruluşuna malik ölkələr üçün sabit, güvənli və mötəbər informasiya çox önəmlidir. Sosial şəbəkələrin formal demokratizmi arxasında isə həmişə yalanlar, təxribat xarakterli məlumatlar və müxtəlif qüvvələrin idarə etdiyi informasiya oyunları kifayət qədər geniş kök salır”.
O qeyd edib ki, operativlik vacib olsa da, xəbərin sürətindən əvvəl onun dəqiqliyi təmin edilməlidir:
"Operativ məlumatla dəqiq məlumat arasında hansı üstünlüyün müəyyənləşdirilməsinə gəlincə, təbii ki, birinci növbədə dəqiq və balanslı məlumat əsas keyfiyyət göstəricisidir. Məlumatın dəqiq olması çox önəmlidir. Operativlik də şərtdir, yəni məlumatın çox qısa müddətdə auditoriyaya çatdırılması vacibdir. Amma məlumat haradan götürülməsindən asılı olmayaraq mütləq dəqiqləşdirilməlidir. Nəhayət, əsas məsələ odur ki, mötəbər və dəqiq məlumatlar dezinformasiyanın fonunda necə daha aydın şəkildə seçilsin. Çünki dezinformativ məlumatlar həmişə daha cazibədar görünür. Yalan, olmayan və normadan kənar hadisələr üzərindən hazırlanan məlumatların çoxluğu informasiyanın mötəbərliyinə ciddi şəkildə kölgə salır”.
Professorun sözlərinə görə, belə şəraitdə əsas çıxış yollarından biri etibarlı informasiya mənbələrinin çoxaldılması və peşəkarlığın artırılmasıdır:
"Mən bunun əsas yolunu mötəbər informasiya mənbələrinin çox olmasında və onların operativ fəaliyyət göstərməsində görürəm. İkinci mühüm cəhət isə, əlbəttə ki, peşəkarlıqdır. Çünki bu gün süni intellektin informasiya siyasətinə müdaxiləsi, yalançı məlumatların çoxalması istər-istəməz jurnalistikada və məlumatın keyfiyyətində problemlər yaradır”.
Fəridə Əsədzadə











































