DGK-dan "deputatların biznesi var" iddiası ilə bağlı AÇIQLAMA: "Kontekstdən çıxarılıb"

DGK-dan "deputatların biznesi var" iddiası ilə bağlı AÇIQLAMA: "Kontekstdən çıxarılıb"
SOSİAL
15:29 14.12.2021
566

Bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə səsləndirilən bəzi fikirləri sosial şəbəkə istifadəçiləri kontekstdən çıxarmaqda, yanlış şərhlərlə fərqli məcralara yönləndirməkdədir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu müsahibədən bir hissəni xüsusi qabardan bəzi saytlar, "sosial şəbəkə qəhramanları" reytinq xatirinə Milli Məclisin bütün üzvlərini hədəf alır, hətta bəziləri daha irəli gedərək ölkənin ali qanunverici orqanının ünvanına əsassız şər və böhtan xarakterli fikirlər səsləndirərək manipulyasiya edirlər.

Belə ki, açıqlamada Nazirlər Kabinetinin 305 saylı qərarına ötən ilin avqust ayında edilmiş dəyişikliklərin iqtisadi əsasları izah olunur, bu qərarın faydalarından, dəyişikliklərə qarşı bir neçə millət vəkilinin haqsız tənqidlərdən bəhs edilir və artıq bu günün real mənzərəsində keçmişdə qalan bu kimi məsələlərin həll olunduğu vurğulanır. Aradan keçən müddətdə cəmiyyətin bütün təbəqələri dəyişikliklərin zəruriliyi, faydaları barədə ətraflı məlumatlandırılıb və sui-istifadə halları aradan qaldırılaraq elektron ticarətin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təmin edilib. Komitə daima deputatların gömrük orqanlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə hörmətlə yanaşır, verilən təklifləri dəyərləndirir, haqlı iradları qəbul edir.

Qeyd edək ki,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev parlamentin bu gün keçirilən iclasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsində deputatların bizneslə məşğul olması ilə bağlı fikirlərinə aydınlıq gətirilməli olduğunu bildirmişdi. Onun sözlərinə görə, Milli Məclis hər zaman bütün dövlət qurumlarına ehtiramla yanaşıb: "Sanki bu müsahibədə bir anlaşılmazlıq var. Bəlkə də Səfər Mehdiyevin çıxışı təhrif olunub. Buna aydınlıq gətirilməlidir”. 

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib: "Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edib. Dünən Səfər müəllim mənə zəng edərək dedi ki, onun fikirləri təhrif olunub. Əslində, o, deputatları deyil, məmurları nəzərdə tutub”.

Müsahibənin müəllifi, jurnalist Eynulla Fətullayev də məsələyə münasibət bildirib. O, Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab olaraq verdiyi açıqlamada deyib: "İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik Baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”.

OXŞAR XƏBƏRLƏR