"Düşünürəm ki, qiymət artımı bu qrumların da təkliflərinə yenidən baxılmasına və onların istəklərinə uyğun artımların olmasına şərait yaradır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev söyləyib.
Ekspert benzinin qiymətinin qaldırılmasının digər sahələrdə artıma şərait yaradacağını deyib:
“Bu artım birbaşa ictimai nəqliyyatın artmasına səbəb olacaq. Eyni zamanda nəzərə alsaq ki, istənilən ərzaq məhsullarının, geyim məhsullarının satışında nəqliyyat xərclərinin önəmi daha çoxdur. Ona görə də bu cür məhsulların artımı da qaçınılmaz olacaq. Bununla yanaşı, bir müddət bundan öncə Bakı Metropoliteni, Azərsu, Nəqliyyat Nazirliyi tərəfindən kommunal və nəqliyyat daşınmalarındakı tariflərin artırılması ilə bağlı hökumətə müraciət edilmişdi. Düşünürəm ki, qiymət artımı bu qrumların da təkliflərinə yenidən baxılmasına və onların istəklərinə uyğun artımların olmasına şərait yaradır. Bu proses ilin birinci rübündə və ya ilk ayında ola bilər. Hər bir halda bu olacaq”.
S.Əliyevin sözlərinə görə, artımla bağlı müzakirələrin 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulduğunu söyləyib:
“2014-cü ilin dövlət büdcəsində bu artım nəzərdə tutulmuşdu. Xüsusən də, büdcədən maliyyələşən təşkilatların, dövlət qrumlarının növbəti ildə büdcəyə ziyan vurmadan maliyyələşdirmək üçün bu artım müzakirə olunmuşdu. İctimai təşkilatların və mətbuatın məsələnin üstünə düşməsindən sonra hökumət müəyyən dərəcədə artımla bağlı geri addım atdı. Tarif Şurası isə artımlarla bağlı bütün məlumatları təkzib etdi. Hətta bizim bir neçə ay bundan öncəki proqnozlarımızı da təkzib etdi. Ancaq nəticə olaraq, artım oldu”.
Xatırladaq ki, bu gündən Azərbaycanda Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.
Əfsələddin Ağalarov