DİM-in magistratura imtahanı yenidən müzakirə mövzusu oldu – Minlərlə yer boş qaldı

DİM-in magistratura imtahanı yenidən müzakirə mövzusu oldu – Minlərlə yer boş qaldı
SOSİAL
11:54 30.07.2026
129
Magistraturada minlərlə yer boş qaldı: Problem imtahandadır, yoxsa sistemdə?

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə keçirilən müsabiqənin nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 faizi) dolub. Ümumilikdə 3 813 yer, o cümlədən dövlət sifarişli yerlər boş qalıb.

Maraqlıdır, minlərlə plan yerinin boş qalması təsadüfdür, yoxsa ali təhsildə dərinləşən problemin göstəricisi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu vəziyyətin yaranmasının bir neçə əsas səbəbi var:

"Bu il ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanları ötən ildə olduğu kimi yenə çoxlu boş yerlərlə başa çatdı. Ötən illə müqayisədə təxminən eyni sayda boş yer qaldı. Bunun ali təhsil müəssisələri baxımından mənfi tərəfləri var. Əlbəttə ki, bu, ali təhsil müəssisələrinin büdcəsinə təsir göstərir. Çünki ali təhsil müəssisələri əsasən tələbələrin ödədiyi təhsil haqları hesabına maliyyələşir. Boş qalan yerlər universitetlərin büdcəsinə mənfi təsir edir və müəyyən qədər akademik heyətin fəaliyyətinə də öz təsirini göstərir. Digər tərəfdən, bu gün magistratura əmək bazarında artıq vacib tələb kimi irəli sürülmür. Bu da magistratura pilləsinə marağın azalmasına və müəyyən problemlərin yaranmasına səbəb olur".


Təhsil eksperti qeyd edib ki, boş qalan yerlərin sayının artmasına imtahanın formatı da təsir edən əsas amillərdəndir:

"Bundan başqa, Dövlət İmtahan Mərkəzinin magistratura üzrə keçirdiyi imtahanlarda müəyyən ağırlaşdırıcı məqamlar var. Bunlardan ən əsası odur ki, 50 sualın hamısı məntiqi biliklərin yoxlanılmasına hesablanıb. Bundan əlavə, imtahanda 25 informatika, 20 xarici dil sualı və 5 ballıq esse nəzərdə tutulub. Bu o deməkdir ki, ümumtəhsil məktəblərində məntiq fənni tədris olunmadığı, ali təhsil müəssisələrində də bu istiqamətdə hazırlıq yetərincə olmadığı üçün abituriyentlərin bu səviyyədə məntiqi təfəkkür nümayiş etdirməsi çətinləşir. Əlbəttə, məntiqi təfəkkürün inkişaf etdirilməsi vacibdir və bu, dünya təcrübəsində də mövcuddur. Ancaq indiki şəraitdə sualların əsas hissəsinin, yəni 50 sualın tamamilə məntiqdən ibarət olması, məncə, müəyyən qədər ədalətsizlikdir. Daha məqsədəuyğun olardı ki, əvvəlcə bunun tədris bazası formalaşdırılsın, daha sonra isə imtahanlar bu formada təşkil olunsun".
Ekspert hesab edir ki, mövcud qəbul mexanizminin təkmilləşdirilməsinə ehtiyac var:

"Digər tərəfdən, ali təhsil müəssisələrinə magistr seçimində müəyyən səlahiyyətlər verilməlidir. Hazırda universitetlər magistraturaya yalnız Dövlət İmtahan Mərkəzinin nəticələrinə əsasən qəbul aparırlar. Bu isə ali təhsil müəssisələrində yaradıcı və rəqabətli mühitin formalaşması baxımından ürəkaçan mənzərə yaratmır".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR