Daxili İşlər Nazirliyi Bakı bulvarında özünü öldürmək istəyən qız barədə məlumat yayıb.
AZXEBER.COM-un nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Nuranə Matanova Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə atıb. N.Matanova Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, ötən gün təxminən 16 yaşlarında olan qız özünü dənizə atıb. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gəncin axtarışına çıxıblar. Gənc qızın dənizdə boğulduğunu görən vətəndaşlardan biri, özünü suya ataraq onu dənizdən çıxarmağa müvəffəq olub. Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyəti ağır olan gənc qıza ilkin tibbi yardım göstərilib. Daha sonra o 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Məlum olub ki, 1996-cı il təvəllüdlü Nuranə Sədaqət qızı Matanova sevgilisi ilə telefonla danışdıqdan sonra intihara cəhd edib. Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.