Diplomlu işsizlərin sayını azaldacaq addım — Məzunlara şad xəbər
SOSİAL
21:59 08.05.2026
631
Universitetdən məzun olduqdan sonra bir çox gənc real iş mühitinə keçid mərhələsində çətinliklərlə üzləşir. Onlar hansı istiqamətə yönələcəklərini, işə necə başlayacaqlarını və karyeralarını necə quracaqlarını tam aydın şəkildə müəyyən edə bilmirlər. Nəticədə bu vəziyyət həm vaxt itkisinə, həm də karyera planlamasında boşluqlara səbəb olur. Bu problemin həlli üçün təhsil sistemi ilə əmək bazarı arasında daha güclü əlaqələrin qurulması vacibdir.
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, universitet məzunlarının iş həyatına atılmasında əsas tələb olunan amillərdən biri onların təcrübə məsələsidir:
"Bu isə təəssüf ki, onların əmək fəaliyyətinə başlaması üçün birbaşa maneə yaradan əsas səbəblərdən biri kimi çıxış edir. Bu səbəbdən biz də təklif etmişik ki, tələbələr yalnız dördüncü kursda deyil, üçüncü və ya hətta ikinci kursdan etibarən praktiki biliklərə yiyələnsinlər. Nəzəri biliklərlə praktiki biliklər paralel şəkildə inkişaf etməsə də, ən azı ikinci və ya üçüncü kursdan başlayaraq tələbələr müəyyən bacarıqlara yiyələnməli, bu sahədə vərdiş formalaşdırmalıdırlar.
Bəzi ali təhsil müəssisələri bu istiqamətdə müəyyən işlər görür, lakin təəssüf ki, əksər ali təhsil müəssisələrində təcrübə dövrü yalnız sonuncu kursla məhdudlaşır. Bu yaxınlarda isə dövlət başçısının müvafiq sərəncamı əsasında tələbələrin təcrübə keçməsi və onların istehsalat müəssisələrində əmək fəaliyyətinə cəlb olunması ilə bağlı məsələlərə dair tapşırıqlar verilib. Bu, tələbələr üçün yeni imkanlar yaradacaq və onlar istehsalat müəssisələrində təcrübə keçdikləri zaman əmək müqaviləsi ilə də təmin oluna biləcəklər. Nəticədə gələcəkdə işə müraciət zamanı təcrübə tələbinin qarşıya maneə kimi qoyulması azalacaq".
Ekspert deyib ki, tələbələr öz seçimlərini də düzgün etməlidirlər:
"Hansı müəssisədə təcrübə keçəcəklərini əvvəlcədən planlaşdırmalı, mümkün olduqda təcrübə dövründə əmək müqaviləsi ilə işləməyə çalışmalıdırlar. Hətta bəzi hallarda təcrübə müddətində ödənişli şəkildə əməkhaqqı almaları da mühüm əhəmiyyət daşıyır və bu onların gələcək karyerasına müsbət təsir göstərir.
Digər mühüm məsələ isə tələbələrin təhsil dövründə özlərini hərtərəfli inkişaf etdirməsidir. Təkcə ixtisas bilikləri deyil, eyni zamanda xarici dil bilikləri, kompüter bacarıqları və ümumi informasiya texnologiyaları üzrə biliklər də inkişaf etdirilməlidir ki, məzun olduqdan sonra əmək fəaliyyətinə başlayarkən ciddi çətinliklərlə üzləşməsinlər. Əks halda, əmək bazarına müraciət zamanı bu bacarıqlardan birinin olmaması digərlərinin üstünlüyünü də zəiflədə bilər və bu da işə qəbul prosesinə mənfi təsir göstərir. Bu məsələlərin daha dərindən araşdırılması və sistemli həll yollarının tapılması isə mövcud problemlərin aradan qaldırılmasına imkan verə bilər", - deyə o qeyd edib.