Müşahidə olunan güclü külək sabah gündüz saatlarında mülayimləşəcək Noyabrın 23-ü axşamdan Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinə Mərkəzi Rusiya ərazisindən çox soyuq antisiklonun daxil olması nəticəsində hava şəraiti dəyişib. Noyabrın 24-nə keçən gecə isə kəskinləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bir çox rayonlarda yağıntının miqdarı artıq aylıq normaya çatıb. Sumqayıtda düşən yağıntının miqdarı 23 mm təşkil edib. Bu da aylıq normanın 83 faizidir. Bakıda aylıq normanın 48 faizi qədər yağıntı qeydə alınıb. Səhər saatlarında qar örtüyü Altıağacda 26 sm, Qubanın Təngəaltı kəndində 24 sm, Xaltanda 22 cm, Xınalıqda isə 15 sm təşkil edib. Bir çox rayonlarda artıq qar örtüyü əmələ gəlib. Noyabrın 25-i səhər saatlarından başlayaraq əvvəlcə respublikanın qərb, gündüz isə şərq rayonlarında yağıntılar tədricən kəsiləcək. Müşahidə olunan güclü külək sabah gündüz saatlarında mülayimləşəcək.