"Diri Baba türbəsi yeddi əsrlik tarixə malik abidədir. 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahimin əmri ilə inşa edilib. Türbə iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə namazgah yerləşir. İkinci mərtəbədə isə salondan şeyxin vaxtilə inzivaya çəkildiyi hücrəyə giriş var”
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Diri Baba" abidə kompleksinin direktoru Yusif Məmmədov deyib.
O türbənin niyə Diri Baba adlandırılmasına aydınlıq gətirib:
"Türbənin niyə Diri Baba adlandırıldığını da izah edim. Rəvayətə görə, burada xəlvətə çəkilən şeyx dünyasını dəyişdikdən sonra onun bədəni uzun müddət çürüməyib. Buna görə yerli camaat onu "Diri Baba” adlandırıb və türbənin adı da belə qalıb. Diri Baba türbəsini müxtəlif dövrlərdə bir çox səyyah ziyarət edib. XVII əsrdə avropalı Adam Olearinin burada olduğu bildirilir. O, türbənin qravürünü çəkib və abidə haqqında yazıb. Məşhur osmanlı səyyahı Övliya Çələbi də buranı ziyarət edib. O, "Səyahətnamə” əsərində Diri Baba haqqında yazaraq şeyxin çürüməmiş bədənini öz gözləri ilə gördüyünü qeyd edib. Övliya Çələbinin yazdığına görə, şeyxin saç-saqqalı olduğundan, mağaranın divarına söykənmiş vəziyyətdə canlı insan təsiri bağışlayırdı. 1703-cü ildə holland səyyahı Kornelius de Brun, 1861-ci ildə isə rus elmi ekspedisiyasının üzvləri - akademik Dorin və akademik Bartolomey burada olublar. Akademik Dorin fotoqrafla birlikdə türbənin iki şəklini də çəkib. Türbənin birinci və ikinci mərtəbələri arasında daş kitabə olub. Rus elmi ekspedisiyası həmin kitabəni aparıb. 1875-ci ildə akademik Dorinin fondu yanarkən daş kitabə itib. Lakin 1965-ci ildə tarixçi-tədqiqatçı Məhətxanım Neymət Sankt-Peterburqdakı Ermitaj muzeyində həmin kitabənin surətinə rast gəlib. Kitabənin surətində türbənin Şirvanşah Şeyx İbrahim Xəlilullahın əmri ilə hicri 805-ci ildə, yəni miladi 1402-ci ildə inşa edildiyi qeyd olunur”.

O qeyd edib ki, türbənin ətrafında mağaralar yerləşir:
"Türbənin ətrafında mağaralar yerləşir. Vaxtilə sufilər və dərvişlər bu mağaralarda inzivaya çəkiliblər. Ümumiyyətlə, Diri Baba türbəsi sufizmin xəlvətilik təriqəti ilə əlaqələndirilir. Xəlvətilik Azərbaycanda yaranmış sufi cərəyanlarından biridir. Bu təriqətin tarixi Şamaxıda Pir Ömər Xəlvəti ilə başlayır, daha sonra inkişaf edərək Bakıya qədər yayılır. Xəlvətilik təriqətinin ən mötəbər nümayəndələrindən biri Seyid Yəhya Bakuvi olub. Onun məzarı İçərişəhərdə yerləşir və həmin yer Dərviş türbəsi adlanır”.
Şahanə Ziyad











































