Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində yaşayan Güldəstə Böyükbəy qızı Cəfərovaya məxsus mənzildən oğurluq edilib. Ev sahibi naməlum şəxslər içində pul və qızıl-zinət əşyaları olan seyfin oğurlanmasından xəbərdar olan kimi bu barədə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə məlumat verib.
Hadisə ilə bağlı yaradılan əməliyyat istintaq qrupunun isti izlərlə keçirdiyi axtarışlar nəticəsində məlum olub ki, Güldəstə Cəfərovanın mənzilindən oğurluğu İlkin Rasim oğlu Əsədov, Elnur Fərhad oğlu Tağıyev və Orxan Rasim oğlu Əliyev edib. Saxlanılan şəxslərdən biri yəni, Elnur Tağıyev zərərçəkənin doğma bacısı oğludur. Elə xalasının mənzilindən oğurluq etmək təklifi də məhz Elnurdan gəlib. Bu barədə saxlanılan şəxs İlkin Əsədov bildirib.
Qeyd edək ki, hadisə günü zərərçəkən Güldəstə Cəfərova rayonda olub. Elə bundan istifadə edən dəstə üzvləri mənzili soymaq üçün xüsusi plan hazırlayıblar. Xalası oğlu Nazim Cəfərovun evdə tək olmasından istifadə edən Elnur onu, dostu Orxan Əliyevlə birlikdə paytaxtda yerləşən saunalardan birinə dəvət edib. Saunada olarkən Elnur Nazimin cibindən mənzilin açarını götürərək İlkinə verib.
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra onu Orxan Əliyevə məxsus avtomaşına qoyublar. Polislər isə mənzildən oğurluq edən şəxsləri seyfi açmağa macal tapmamış saxlamağa nail olub.
“Seyf Orxanın maşınında aşkarlanıb. Seyfə baxış keçirilən zaman oradan 1500 manat pul, qızıl-zinət əşyaları, 500 min rus rublu və 18000 manat pul aşkarlanıb”, - deyə Yasamal rayon Polis İdarəsinin müstəntiqi Seymur Hidayətzadə bildirib.
Qeyd edək ki, faktla bağlı Yasamal rayon Polis İdarəsində saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2, külli miqdarda ziyan vurmaqla oğurluq etmə maddəsilə cinayət işi başlanılıb