5 may – Dünya Astma Günü münasibətilə mütəxəssislər uşaqlıq dövründə ən çox rast gəlinən tənəffüs yolu xəstəliklərindən biri olan astma ilə bağlı mühüm açıqlamalar veriblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qeyd olunur ki, astma uşaqlarda nəfəs darlığı, xırıltı və öskürək kimi əlamətlərlə özünü göstərir və bu hallar xüsusilə gecə saatlarında daha da güclənə bilər. Xəstəlik düzgün nəzarətdə saxlanmadıqda uşaqların gündəlik həyatına mənfi təsir edir.
Mütəxəssislər diqqətə çatdırır ki, inhalyatorların düzgün istifadə olunmaması müalicənin effektini ciddi şəkildə azaldır. Aparılan müşahidələrə əsasən, bir çox hallarda şikayətlərin davam etməsinin səbəbi xəstəliyin ağırlığı deyil, məhz cihazın yanlış istifadə edilməsidir. Bildirilir ki, halların təxminən 80-85 faizində problem səhv texnika ilə bağlı olur.
Həkimlər inhalyatorlardan düzgün istifadə qaydasını belə izah edir: cihaz istifadə etməzdən əvvəl çalxalanmalı, daha sonra nəfəs tam şəkildə verilməlidir. Cihaz ağıza yerləşdirilərək eyni anda düyməyə basılır və dərman püskürdülür. Bu zaman dərman yavaş və dərin nəfəs ilə çəkilməli, nəfəs isə 5-10 saniyə saxlanıldıqdan sonra buraxılmalıdır.
Şahanə











































