Dünyada artan müharibə təhlükəsi, təbii fəlakətlər və kiberhücumlar bir sıra ölkələri ehtiyat tədbirləri görməyə vadar edib. ABŞ, İngiltərə və Avropa İttifaqına üzv dövlətlərin də daxil olduğu 33 ölkə vətəndaşlarına fövqəladə hallar üçün ərzaq, su və digər vacib vasitələrdən ibarət ehtiyat hazırlamağı tövsiyə edib.
Hökumətlər mümkün böhranlar zamanı əhalinin hazırlıqlı olması üçün yeni tədbirlər həyata keçirirlər. Fransada baş verən kiberhücumlar və müxtəlif bölgələrdə davam edən münaqişələr təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Bu səbəbdən bir çox ölkə vətəndaşlarına ən azı bir neçə günlük ehtiyat yaratmaq çağırışı edib.
Avropa Komissiyası vətəndaşlara ən azı 72 saat kifayət edəcək ərzaq, içməli su, fənər, radio və dərman ehtiyatı saxlamağı tövsiyə edib. İngiltərə "Be Ready” ("Hazır ol”) adlı maarifləndirmə kampaniyası başladaraq əhaliyə 3 günlük ərzaq və nağd pul ehtiyatı yaratmağı məsləhət görüb. Almaniyanın Federal Mülki Müdafiə İdarəsi isə mümkün hücumlar və xidmətlərin dayanması hallarına qarşı hər nəfər üçün gündəlik 1,5 litr su və konserv məhsulları saxlamağı tövsiyə edib.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında tarixçi Zaur Əliyev 16–28 oktyabr 1962-ci il tarixində ABŞ ilə Sovetlər arasında raketlərin yaxın ərazilərdə yerləşdirilməsi ilə bağlı hadisəni xatırladıb:
"Həmin günlər ərzində artıq dünya üçüncü böyük qlobal müharibə gözləyirdi. İki tərəf də güzəştə getmirdi. Həmin dövrdə dünyanın bir çox ölkəsi, Azərbaycan da buna daxil olmaqla yeraltı bunkerlər və zirzəmilərdə gizlənmək və ehtiyat yığmaq barədə tapşırıqlar almış idi. Son saatlar qalmış idi ki, nüvə müharibəsi başlasın. Lakin Kennedinin güzəştə getməsi dünyanı qlobal müharibədən xilas etdi. Hesab edirəm ki, eyni hadisə bu səfər İran böhranı adı altında davam edir. Dövlətlər Trampın noyabr ayının 7-si qərarının necə olmasını bilmədiyi üçün həyəcan siqnalı verirlər. Nüvə silahının istifadəsinə heç kim razı olmayacaq. Çünki belə bir silahın təkrar istifadəsi Xirosima və Naqasakidən daha dəhşətli nəticələri olacaq. Dünya buna hazır deyil və liderlər də buna görə çox ciddi müzakirələr edirlər”.

Müsahibimiz əlavə edib ki, eyni zamanda baş verən hadisələrin qiyamət günü yaxud nüvə müharibəsi ilə də əlaqəsi olmaya da bilər:
"Bir çox ölkələrdə liderlər əhalinin gündəlik həyatda onlayn bankçılıq, kuryer çatdırılmaları, mərkəzi elektrik və internet şəbəkələri həddindən artıq asılı olduğunu görürlər. Böyük ehtimalla bu rəqəmsal inkişaf və asılılıq elektrik və digər sahələrdə gərginlik və yükləmə yarada bilər ki, birdən birə hər şey bir müddətlik çökə bilər. Bakıda da işıq barədə təcrübəmiz var. İnternetin birdən çökməsi barədə təcrübəmiz var.
Hesab edirəm ki, bu qlobal çağırış və sairələr dünyada çox yüklənən sistemə yenidənbaşlatma üçün yaradılan səs küydür. Qalan məsələlər isə onsuz da dünya çox ağır günlərini keçirir. Təbiət balansı pozulub, insanlar sürətlə çoxalır, rəqəmsal inkişaf təbiətə çox ciddi zərər vurur. Məncə dövlətlər bir aralıq fasilə verməyi düz olar”.
Aynur Babazadə











































