"Dünya Türk Gəncləri Birliyi" (DTGB) 17 may 2012-ci il tarixində Türkiyənin Ankara (Kızılcahamam) şəhərində “DTGB 11-ci Liderlər toplantısı” nı keçirməyə hazırlaşır. AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, açılış mərasimi may ayının 17-də Ankarada Keçiören bələdiyyəsinin Estergon Qalası Mədəniyyət Mərkəzində gerçəkləşəcək. Tədbirdə DTGB-yə uzv təşkilatların rəhbər və nümayəndələrinin, TBMM və MM uzvlərinin, TürkPA və Türk Konseyi, 15 ölkədən 23 Türk dilli xalqı təmsilən 30 təşkilatın numayəndələrinin iştirakı gözlənilir. Liderler toplantısı DTGB-nin 20-ci il dönümünə təsadüf edir. Qeyd etmək lazımdır ki, 1992-ci ildə Tatarıstanda Kazan şəhərində əsası qoyulan DTGB 18 ölkədən 36 Türk dilli xalqın 40-dan çox təşkilatlarını özündə birləşdirərək uzun illər Türk xalqlarının birlik və bərabərliyinə xidmət edən gənclik platforması kimi fəaliyyət göstərib. 2009-cu ildən etibarən DTGB rəhbərliyi Türkiyədən Azərbaycana keçmiş və 2010-cu ildən etibarən müstəqil ictimai birlik olaraq Azərbaycanda dövlət qeydiyyatına alınmışdır. May ayının 20-ə kimi davam edəcək toplantıya DTGB sədri Əkrəm Abdullayev başçılıq edəcəkdir. Toplantıda birliyin 20 illik fəaliyyəti, Türk dünyası bölgələri arasında koordinasiyanın təşkil edilməsi və təkmilləşdirilməsi, son illərdə Türk dünyasında baş verən proseslərin təhlili, DTGB-nin 15-ci qurultaya hazırlıqları və yaxın gələcəkdə fəaliyyət planları müzakirə ediləcəkdir. Yekun sənədin qəbulundan sonra Türkiyədə Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş 19 May İdman və Gənclər günü bayramı münasibəti ilə “Anıtkabir” ziyarət ediləcəkdir.