Fransada dizel yanacağının qiyməti rekord həddə çatıb. Ölkədə yanacağın bir litrinin qiyməti 2,41 avroya yaxınlaşıb.
Bahalaşmanın əsas səbəbi kimi isə Hörmüz boğazının bloklanması fonunda yaranan təchizat problemləri göstərilir. Enerji bazarında yaranan gərginliyin yanacaq qiymətlərinə təsiri Avropada da özünü göstərir.
İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, dünya iqtisadiyyatı çox maraqlı mexanizmlə fəaliyyət göstərir:

"Dünyada dizel yanacağının bahalaşması təkcə Hörmüz boğazındakı problemlərlə bağlı deyil. Bu, əsas amillərdən biri olsa da, Rusiyanın neftayırma zavodlarının ard-arda böyük zərbələrə məruz qalması ölkənin dizel yanacağı ixracına qadağa qoymasına səbəb oldu.
Dünya iqtisadiyyatı çox maraqlı mexanizmlə fəaliyyət göstərir. Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, Çin, Hindistan və bəzi Asiya ölkələri Rusiyadan dizel yanacağı alırdı. Bunun nəticəsində həmin ölkələrə gedən dizel yanacağının bir hissəsi Avropaya yönəlirdi. Belə maraqlı bir tendensiya yaranmışdı”.
O qeyd edib ki, Rusiyanın satmağa dizel yanacağı yoxdur:
"İndi isə Rusiyanın satmağa dizel yanacağı yoxdur, Hörmüz boğazı bağlıdır. Körfəz ölkələri də dizel yanacağını ixrac etməkdə çətinlik çəkirlər. Avropanın demək olar ki, hər yerində dizel yanacağı ilə bağlı problem yaşanır. Amerikada bir qallon dizel yanacağının qiyməti 6 dolları keçib. Bu, Amerika tarixində əvvəllər müşahidə olunmamış haldır”.
"Bahalaşmanın əsas səbəbi dizel yanacağının istehsalının azalması ilə əlaqədardır. Bu, çox ciddi problemdir. Dizel yanacağı kənd təsərrüfatında və logistikada əsas yanacaq növlərindən biridir. Bu isə o deməkdir ki, dizel yanacağının bahalaşması fonunda kənd təsərrüfatı məhsullarının, logistika və yükdaşıma xidmətlərinin qiymətləri də artacaq. Belə olan halda, yaxın aylarda dünyada inflyasiya dalğasının gözlənildiyini demək olar,-deyə iqtisadçı bildirib.
Şahanə Ziyad











































