İngiltərə Premyer Liqasının 17-ci turunun bazar günü keçirilən mərkəzi oyununda qarşı-qarşıya gələn "Liverpul" - "Arsenal" qarşılaşmasında maraqlı olay yaşanıb.
2:2 hesablı nəticə ilə başa çatan oyunda "Liverpul"un slovak futbolçusu Martin Skrtel başından zədə alıb. Belə ki, rəqib futbolçu Olivier Giroud Skrtelin başını tapdalayıb. Oyunun 53-cü dəqiqəsində baş verən hadisə zamanı qarşılaşmada 6 dəqiqəlik fasilə yaranıb. Və 30 yaşlı futbolçunun başına tikiş qoyulub. Bütün xəbərdarlığa baxmayaraq futbolçu meydandan çıxmayaraq oynamaq istədiyini bildirib. Başına sarğı sarılan Skrtel son dəqiqəyə kimi mübarizə aparıb və komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. Komandasına 1 xal qazandıran Martin Skrtel bu gün İngiltərədə ən çox danışılan şəxs olub. Onun bu fədakarlığı cəsurluq kimi qiymətləndirilib. "Liverpul"un baş məşqçisi Brendan Rodgers futbolçusunu tərifləyib: "Onun vəziyyətini görüncə sağlamlığı üçün çox narahat oldum. Ancaq özü oyuna davam etdi və gözəl baş zərbəsi ilə qol vudu".




