Dünyanın ən yaxşı prodüserləri bizə kino çəkməyi öyrədəcək

GƏNCLİK
12:13 22.12.2011
2190
“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə Bakı Film İnstitutunda Azərbaycanda ilk dəfə olaraq kinoprodüser kursları fəaliyyətə başlayacaq. Mərkəzin sədri Fehruz Şamıyevin ANS PRESS-ə verdiyi məlumata görə, kurslarda həm yerli və həm xarici mütəxəssislər dərs deyəcək:
“Adətən bizdə bütün sahələrdə yerli mütəxəssislərə şübhə ilə yanaşılır. Amma məsələ budur ki, xarici mütəxəssislərin hərəsinin öz proqramı olur və onlar asanlıqla bu proqramlardan mühazirə oxuyurlar. Məsələn, bizim Almaniyadan mütəxəssis cəlb etmək imkanımız var. Amma o yerli bazarı yaxşı bilmir, dərsini standartlara uyğun şəkildə deyib, gedəcək. Tələbələr onun dediyindən hansısa nəzəri fikirləri öyrənəcəklər. Amma müəyyən psixoloji məqamlar var ki, bunları heç bir kitabdan öyrənmək mümkün deyil. Buna görə də biz düşündük ki, bu kurslarda yerli mütəxəssislərin də olması vacibdir. Çünki onlar ölkədə baş verən proseslərdən xəbərdar olan peşəkarlardır. Deməli onlar bu problemin həllini də başqalarından yaxşı bilirlər. Buna görə də biz onlara üstünlük verəcəyik. Bu başqa məsələdir ki, problemlərin həllinə mane olan amillər var. Biz artıq yerli mütəxəssislərlə danışıb razılığa gəlmişik, onlar yerli özəl prodüser mərkəzlərinin rəhbərləri , beynəlxalq festivallarda mükafat alan şəxslərdir”. 
Onun sözlərinə görə, kurslarda Türkiyənin ən tanınmış film distribütorlarından biri, bir çox beynəlxalq film festivalları ilə əlaqələrə malik Nizami Eren, Rusiyada çalışan rejissor və prodüser Rodion İsmayılov, iranlı rejissor Nadir Saiver, gürcüstanlı rejissor və prodüser David Caneidze, əməkdar incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadə, “Nərimanfilm” kino şirkətinin direktoru Nəriman Məmmədov, “Dərviş” Prodüser Mərkəzinin sədri, rejissor və prodüser Əli İsa Cabbarov , Rusiya, Qırğızıstan, Türkiyədə çıxan kino jurnallarında Azərbaycan kinosu ilə bağlı məqalələri dərc olunan kinoşünas Aygün Aslanlı dərs deyəcək.
Bundan başqa, Avropa Kino Akademiyasının ən yaxşı prodüseri və EUROMAGES Ortaq Prodüser mükafatına layiq görülən Zeynəb Özbatur “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xətti ilə Bakı Film İnstitutunda üç günlük mühazirə oxumağa gələcək. Qeyd edək ki, Zeynəb Özbatur 1999 –cu ildən film sektorunda çalışır. 2007 – ci ildə “Zeyno Film” şirkətini qurub. O dövlətlərarası müştərək filmlərin gerçəkləşməsi, tamaşaçıya çatdırılması, satışı ilə bağlı maraqlı layihələr həyata keçirməkdədir. Dünya şöhrətli rejissor Nuri Bilge Ceylanın (“İqlimlər”, “Üç meymun”, “Bir zamanlar Anadoluda”) əksər filmlərinin prodüseri olub. 
Qeyd edək ki, prodüser kurslarında ideya, ssenari sifarişi, çəkiliş komandasının təşkili, rejissor seçimində nəyə üstünlük verilməlidir, aktyor seçimi zamanı nələr nəzərə alınmalıdır, film üçün maliyyə axtarışı, filmin istehsalı (çəkiliş, montaj, səsləndirmə və s. işlərdə nələrə diqqqət edilməli), filmin müəllif hüququ kimlərdə ola bilər ( ssenarist, rejissor, bəstəkar, operator və digər işçilərlə müqavilələrin hazırlanması), bazarın öyrənilməsi, filmin yerli və xarici bazara çıxarılma yolları (kinoteatrda nümayiş, festivallar, TV nümayiş, DVD satış) tədris olunacaq. Bundan əlavə klassik və müasir filmlərin nümayişi və müzakirələr keçiriləcək. 
Fehruz Şamıyev bununla da Azərbaycanda kinoprodüser məktəbinin əsasını qoymaq istədiyini bildirir: “Kinoprodüser kurslarının bu sahədə bir özək olacağına inanıram. Bizim verəcəyimiz üç aylıq təhsil prodüser institutunun yaranması üçün baza rolunu oynaya bilər. Kurslara 25 nəfər dinləyici cəlb etməyi planlaşdırırıq. Onlar müsahibə əsasında seçiləcək”.

OXŞAR XƏBƏRLƏR