Dövlət çap mediasının ayaqda qalması üçün hər şey edir - "1.5 milyon manat qəzetin 10 illik büdcəsidir"

Dövlət çap mediasının ayaqda qalması üçün hər şey edir - "1.5 milyon manat qəzetin 10 illik büdcəsidir"
MEDIA
14:00 16.06.2023
207
Xəbər verdiyimiz kimi, Milli Məclisin iclasında "Azərbaycan" qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqov "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəhbəri olduğu qəzetlə bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, ötən il müraciətləri əsasında qəzetə birdəfəlik yardım göstərilib.
 
Sadıqovun sözlərinə görə, vəziyyət göstərir ki, hər il onlara ("Azərbaycan" qəzetinə - red.) ən azı 1.5 milyon manat sistemli maliyyə yardımı edilməlidir.
 
Əks təqdirdə qəzetin çapı dayanacaq.
 
Jurnalistin bu fikirləri mətbuatda birmənalı qarşılanmayıb. 
 
Bəs Azərbaycanda qəzetlərin bağlanmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
 
Məsələ ilə bağlı "Şərq" qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Bəxtiyar Sadıqovun fikirləri birmənalı deyil:

 

"Məsələ bundan ibarətdir ki, internet mediası sürətlə inkişaf edir. Ənənəvi media bu rəqabət mühitində mövqelərini kifayət qədər itirməyə məcburdur. Bu baxımdan yəni çap mətbuatının Azərbaycanda bu cür problemləri çoxdur. Bu da birbaşa yeni informasiya texnologiyalarının rəqəmsal jurnalistikaya keçid prosesinin sürətlə getməsindən bilavasitə əlaqəli məsələdir. İkinci tərəfdən çap mətbuatı kifayət qədər bahalı media strukturunun bir növüdür. Bunun üçün kağız almaq, mətbəə xərclərini ödəmək lazımdır. Eyni zamanda, kirayə haqlarının, işçilərin əmək haqlarının ödənilməsi buraya daxildir. Qəzetlərin satışından yaranan problem, reklam gəlirlərinin olmaması çap mediasının yaşam imkanlarını azaldır".

Baş redaktor deyib ki, qəzetin mövcudluğunu saxlamaq günü-gündən çətinləşir: 

"Bu gün Azərbaycanda çap mətbuatının varlığı yalnız fədakar çap mətbuatına bağlı jurnalistlərin əməyinin sayəsində mümkündür. Bu aspektdən Bəxtiyar Sadıqovun fikri düz deyil. Emosional şəkildə demiş ola bilər. Bəxtiyar Sadıqovun fikirlərinə təmkinlə, soyuqqanlıqla, aydın yaşayan, həmçinin prosesin içində olan şəxslər bu məsələnin dərinliklərini bildiyi üçün adekvat cavab verməlidirlər. Dövlət qəzetləriylə, müstəqil qəzetlər arasında fərqlər də çoxdur. Çünki onlarda abunə imkanları var. Onların reklamları da var".
 
Əməkdar jurnalist əlavə edib ki, Bəxtiyar Sadıqovun səsləndirdiyi 1.5 milyonluq maliyyə gündəlik fəaliyyət göstərən "Şərq" qəzetinin 10 illik büdcəsidir:
 
"Düzdür, dövlət satınalmaları haqqında qanun layihəsində dəyişiklik edilərək tender elan edilmişdi. Bunlar da qəzetlərə verilirdi, amma onlar da kəsilib. Maliyyə balansı pozulub. Lakin bununla yanaşı, dövlət onlara müəyyən dərəcəcə dəstək verir. Məsələn, "Yeni Azərbaycan Partiyası" öz qəzetlərinə dəstək verir, Milli Məclis "Azərbaycan" qəzetinə maliyyə dəstəyi göstərir. İndi müstəqil fəaliyyət göstərən, gündəlik nəşr olunan cəmi 3 qəzet var. "Şərq" qəzeti, "Yeni Müsavat" qəzeti və "525"-ci qəzet. Bu qəzetlərin gəlirləri Medianın İnkişafı Agentliyinin verdiyi vəsaitdir. Biz sözügedən vəsaitin azlığına, çoxluğuna baxmayaraq gündəlik nəşr edilirik və işçilərə o qədər yüksək olmasa da, məvacib veririk. Çünki çalışırıq fərdi yazılar nəşr edək, ayda 3-4 reklam almaq imkanımız olsun. Bunların hesabına qəzetləri yaşadırıq. Əlbəttə ki, çap mediasına vəziyyət çox çətindir. Amma bunu böyük faciəyə çevirmək də düzgün deyil. Bəxtiyar Sadıqovu da bu məsələ ilə bağlı qınamaq və təhqir atəşinə tutmaq doğru deyil. Bəxtiyar Sadıqovun səsləndirdiyi 1.5 milyonluq məvacib gündəlik fəaliyyət göstərən "Şərq" qəzetinin 10 illik büdcəsidir. Bizim işçi qüvvəmizlə dövlət qəzetlərinin işçi qüvvəsi fərqlidir. Əlbəttə, mobil komanda yaratmaq və iş keyfiyyətini artırmaq olar. Amma unutmaq lazım deyil ki, islahat aparırsansa, ortaya böyük iradə qoymalısan".
 
Mövzu ilə bağlı əməkdar jurnalist, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də AZXEBER.COM-a fikirlərini bildirib:
 

 

 
"Doğrusu, Bəxtiyar Sadıqovun nə zamansa Azərbaycan mediasının problemləri ilə bağlı fikirlərinə rast gəlməmişəm. Yəni bir qayda olaraq yalnız özünün rəhbərlik etdiyi mətbuat orqan ilə bağlı gah hansısa mülahizələr səsləndirir, gah başsağlığı elanlarının az olması ilə bağlı narahatlığını dilə gətirir, gah da fərqli bir kontekstdən fikirlər yürüdür. İndiki şəraitdə də onun (Bəxtiyar Sadıqovun) səsləndirdiyi fikirlər mahiyyət etibarilə Azərbaycan mediasının, o cümlədən də çap mətbuatının problemlərini ifadə etmir. İndiyədək "Azərbaycan" qəzetinin fəaliyyəti klassik Sovet ənənələrinə uyğun bir şəkildə, müəyyən imtiyazlar əldə etməklə məhdudlaşıb. Görünür, Bəxtiyar Sadıqovu narahat edən məqamlar, qənaətimə görə, bundan ibarətdir. Çap mediasına gəldikdə isə, problemlər var. Bu problemlərin aradan qaldırılması istiqamətində də biz dövlətin həyata keçirdiyi tədbirlərin şahidiyik. Hazırkı şəraitdə bütün dünyada oxşar problemlər yaşanır. Bunun içində çoxsaylı komponentlər var. Ümumiyyətlə, əhalinin çap mediasına, kitaba, jurnala yanaşmasından başlayaraq sosial şəbəkələrin yaratdığı problemlər də bu sıradadır. Mən bütövlükdə son dövrlərdə çap mediasının durumunu poliqrafiya baxımından, qismən də olsa yayım baxımından müsbətə doğru getdiyi fikrindəyəm. 

 
Bəxtiyar Sadıqovdan fərqli olaraq, mənim düşüncələrim daha pozitivdir. Digər tərəfdən, Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi "Azərbaycan" qəzeti bəlli olduğu kimi dövlət büdcəsindən maliyyələşir. Azərbaycanda dövlət tərəfindən birbaşa maliyyələşən bir neçə çap mediası orqanı var. Mən rəsmi media resurslarının olmasına təbii yanaşıram. Bununla bağlı "Media haqqında qanun"da da müəyyən istisnalar var. Lakin bu o demək deyil ki, ölkədə fəaliyyət göstərən media resurslarının bir hissəsinə xüsusi imtiyazlar verilməli və daha geniş imkanlar yaradılmalıdır".
 
Jurnalist qeyd edib ki, elə media resursları var ki, "Azərbaycan" qəzetindən dəfələrlə az əməkdaşla çalışır, amma xəbər siyasəti daha effektivdir: 
 
"Bu gün Azərbaycanda gündəlik, həftəlik çap mediası resursları var ki, "Azərbaycan" qəzetindən dəfələrlə az əməkdaşla çalışırlar. Onların faəliyyəti həm internet resursları, həm də çap mediası kontektsindən də "Azərbaycan" qəzetindən daha effektivdir. Bununla bağlı çoxsaylı nümunələr gətirmək olar. Mən bütün həmkarlarıma hörmətlə yanaşıram. Amma məsələlərə daha obyektiv və ədalətli yanaşmaq lazımdır. Yalnız öz maraqlarına toxunanda "bir stəkan suda fırtına qoparmaq” cəhdi nəticə etibarilə bütövlükdə media haqqında yanlış təəssüratın formalaşmasına zəmin yaradır. Daha öncə də qeyd etdiyim kimi, bir media resursuna daha böyük imtiyazlar verilməsi, digərlərinə isə verilməməsi Azərbaycan Konstitusiyasının ən önəmli prinsiplərindən birinə - bərabərli prinsipinə ziddir. Bu bazar iqtisadiyyatının tələblərinə də ziddir. Dövlət heç bir halda inhisarçı kimi bazar münasibətlərində iştirak etməməlidir. Bəlli olduğu kimi, "Media haqqında qanun" qəbul edildikdən sonra artıq media subyektləri iqtisadi subyektlər hesab olunurlar. Düzdür, dövlət onların fəaliyyətinə dəstək verir, amma media resursları biznes subyektlərdir. Dünya praktikasında özəl sektorla eyni işi görən, eyni məhsulu istehsal edən dövlət təsisatlarının olması rast gəlinməyən bir haldır. 
 
Tutaq ki, Türkiyədə də rəsmi qəzet var. Amma orda əsasən elanlar verilir. Hər bir halda dövlət elan qurumu ilə bu bərabərliyi digər media subyektləri arasında da qorumağa cəhd göstərir. Bazar iqtisadiyyatı modelində hansısa  bir təsisatın digər təsisatdan üstün tutulması mexanizmi yanlışdır. Bu, bütövlükdə iqtisadiyyatın mövcud modelinə tamamilə zidd olan bir yanaşmadır. 

Azərbaycandakı digər media vasitələri hansı imkanlar, çərçivələr daxilində yaşayırsa, başqaları da eyni şərtlər çərçivəsində faəliyyət göstərməlidir. Söhbət çap mediasından gedirsə, bu istiqamətdə bəlli olduğu kimi konsepsiya var. Həmçinin dövlətin bu məsələ ilə bağlı atdığı addımlar var. Problemləri biz hər halda, Bəxtiyar Sadıqovdan dəfələrlə yaxşı bilirik. Çünki bu problemlərin içindəyik. Uzun illərdir yaşayırıq. Hesab edirəm ki, çap mediasının indiki dövrdə qorunub saxlanılması Azərbaycan dövlətinin prioritetlərindən biridir. Təbii ki, Azərbaycan mediası da, o cümlədən bu istiqamətdə fəaliyyət göstərən təssisatlar da çalışırlar ki, mümkün vasitələrdən istifadə edərək çap mediasınn potensialını gücləndirsinlər və Azərbaycanın çap seqmentindəki mövqeyini qoruyub saxlaya bilsinlər".

Mikayıl Mirzəzadə 
 
Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
 

 

OXŞAR XƏBƏRLƏR