"Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu" təsdiqlənib.
AZXEBER.COM xəbər verir ki, yeni qaydalara əsasən, dövlət dəstəyi almaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin təqdim etdiyi layihələr 100 ballıq qiymətləndirmə sistemi üzrə dəyərləndiriləcək.
Qiymətləndirmə zamanı təhsil haqqının səmərəliliyi, təhsilalanların pedaqoji işçilərə nisbəti, pedaqoji heyətin ixtisas uyğunluğu və iş təcrübəsi, lisenziyanın qüvvədə olma müddəti, müəssisənin özünümaliyyələşdirmə potensialı və digər meyarlar nəzərə alınacaq. Müsabiqənin qalibləri ən yüksək yekun bal toplamış layihələr arasından seçiləcək.
Bununla yanaşı, müsabiqədə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələri üçün bir sıra texniki və təşkilati tələblər də müəyyənləşdirilib. Belə ki, tədris otaqlarında müşahidə kameralarının quraşdırılması, onların fasiləsiz fəaliyyətinin təmin edilməsi və kameralara dair giriş məlumatlarının Elm və Təhsil Nazirliyinə təqdim olunması məcburi olacaq.
Qeyd olunub ki, yeni tələblər dövlət dəstəyi mexanizminin şəffaflığının artırılmasına, məktəbəqədər təhsil müəssisələrində təhlükəsiz və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlığın daha səmərəli təşkilinə xidmət edir.











































