"Biz bu reytinqi görüb, ictimai-siyasi verilişlərin sayını çoxalda bilməzdik".
Jurnalist, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev İTV-də yayımlanan “Ortaq məxrəc” verilişində qonaq olub.
AZXEBER.COM axşam.az-a istinadla xəbər verir ki, "Müasir Azərbaycan televiziyası” mövzusunun müzakirə olunduğu verilişdə Mirşahin bəzi məqamlara toxunub.
O, müəllifi olduğu "Milli metr" layihəsinin reytinq yığmadığına görə bağlandığını deyib.
Mirşahinin sözlərinə görə, bəzi ictimai əhəmiyyətli verilişləri digər şou xarakterli layihələrin hesabına ayaqda saxlayırlar:
"Burada həkim qohumu olan var? Tutaq ki, xəstənin yanına gəlmisiniz. Bilirsiniz ki, bu dərman xəstəyə verilsə, o, sağalacaq. Xəstə isə həmin dərmanı almır. O dərmanın keyfiyyəti haqqında nə qədər danışırsız danışın. Əgər xəstə o dərmanı almayacaqsa, bunun nə faydası var?. Biz “Divan”, “Nəzər nöqtəsi” kimi layihələri yayımlayanda heç bir televiziyada bu yox idi. Sonra digər telekanallar şou ilə önə keçdi. Biz bu reytinqi görüb, ictimai-siyasi verilişlərin sayını çoxalda bilməzdik.
Efirə gəlməkdən boyun qaçıran bir dövlət məmurunun əvəzinə Rəqsanə, ikincinin əvəzinə Röya, üçüncünün əvəzinə isə Elariz gəldi. Rəsmi adamlar getdi, onların yerini şou nümayəndələri tutdu. İndi biz yenidən tərsinə getməyə başlamışıq".