AZXEBER.COM-un məlumatına görə, jurnalist Fikrət Fərəməzoğlu Dövlət Yol Polisi İdarəsində ondan rüşvət alınması ilə bağlı iddia qaldırıb.
Baş redaktor bildirib ki, o, Gürcüstandan özü üçün avtomobil gətirsə də, maşını qeydiyyata saldırmaq üçün ondan rüşvət alınıb: “Avtomobili guya hansısa şirkətdən aldırdığımıa dair məndən iltizam aldılar və bildirdilər ki, rəsmi rüsumun 80 manat olmasına baxmayaraq, 650 manat ödəməliyəm”.
AZXEBER.COM məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kamran Əliyevlə söhbətləşib.
Portalımıza açıqlamasında DYP sözçüsü bildirib ki, baş redaktorun iddiaları araşdırılır və Fikrət Fərəməzoğlunun özü ilə söhbət aparılıb: “Bütün hallarda bu yolverilməz haldır. Hazırda DYP-də fakt üzrə araşdırma aparılır. Hələ aydın deyil ki, bu əmələ yol verənlər həqiqi DYP işçiləri olub, yoxsa dəllalar. Bütün hallarda DYP əməkdaşlarının bu məsələdə günahı təsdiqini tapacaqsa, onlar haqqında ciddi ölçü götürüləcək”.
Azər Niftiyev
AZXEBER.COM