Dövlətlər bir məhbus üçün nə qədər pul xərcləyir? – Maraqlı rəqəmlər

Dövlətlər bir məhbus üçün nə qədər pul xərcləyir? – Maraqlı rəqəmlər
MARAQLI
11:25 31.07.2026
284
Azadlıqdan məhrumetmə yalnız cinayət törədən şəxsin cəzası deyil, həm də dövlət büdcəsi üçün ciddi maliyyə yüküdür. Həbsxanaların saxlanılması, məhkumların qidalanması, tibbi xidməti, təhlükəsizliyi və reabilitasiyası üçün hər il milyardlarla dollar vəsait xərclənir. 

AZXEBER.COM xəbər verir ki, Azərbaycanda penitensiar müəssisələrin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Məhkumların saxlanılması, qidalanması, tibbi təminatı və digər hüquqları "Cəzaların İcrası Məcəlləsi" ilə tənzimlənir. Bununla belə, dövlət büdcəsində bir məhkum üçün illik xərclər ayrıca göstərilmir.

Dünyada isə vəziyyət belədir: Penitensiar sistemə ən çox vəsait ayıran ölkələr arasında Skandinaviya dövlətləri ön sıralarda qərarlaşıb.
Araşdırmalara görə, Norveç bir məhkum üçün ildə orta hesabla 120-150 min ABŞ dolları xərcləyir. İsveçdə bu göstərici 100-120 min dollar, Danimarkada isə 90-110 min dollar civarındadır.

Daha yüksək göstəricilərdən biri isə kiçik əhalisi və məhdud sayda məhbusu olan San Marinoya aiddir. Burada bir məhkum üçün illik xərc 390 min avronu keçir.

ABŞ-da isə rəqəmlər ştatlara görə dəyişir. Bəzi ştatlarda bir məhkum üçün illik xərc 40-50 min dollar olduğu halda, Kaliforniya və Nyu-York kimi ştatlarda bu məbləğ 100 min dollardan, bəzi hallarda isə 130 min dollardan da artıq olur.

Qeyd edək ki, yüksək xərclərin əsas səbəbi məhkumların yalnız cəzalandırılması deyil, onların yenidən cəmiyyətə inteqrasiyasına yönəlmiş proqramlardır. Bu ölkələrdə həbsxanalarda təhsil, peşə hazırlığı, psixoloji yardım, tibbi xidmət və sosial reabilitasiya proqramlarına böyük vəsait ayrılır.
Ən aşağı göstəricilər isə əsasən postsovet və Şərqi Avropa ölkələrində qeydə alınır. Məsələn, Rusiyada bir məhkuma gündə təxminən 2,8 avro, Bolqarıstanda isə 5,7 avro xərclənir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR