Döyüşməyə gedən gənclərimizin ODA düşmüş taleyi - TƏHLİL

Döyüşməyə gedən gənclərimizin ODA düşmüş taleyi -  TƏHLİL
Bütün Xəbərlər
11:05 11.11.2014
3218

Azərbaycandan döyüşməyə gedənlərin izi ilə…

Bu günlərdə Şəkidə ailəsiylə birgə İŞİD-ə qoşulmaq istəyən şəxsin rayon polis idarəsinin əməkdaşları tərəfindən həbs olunması ilə bağlı rəsmi məlumat açıqlandı. Qeyd etdiyimiz kimi, həbs olunan rayon sakini ailəsiylə birğə Azərbaycanı tərk edib müharibənin ortasına, Suriyaya döyüşməyə getməyi planlaşdırıbmış. Təəssüflə nəzərə çatdırmaq istəyirik ki, haqqında söz açdığımız məlumata analoji informasiyalar tez-tez gündəmə gəlir.

İndi isə olayın izi ilə bəzi məqamları incələməyə cəhd edək.

Bu xarakterli informasiyaların açıqlanması son zamanlar artmaqdadır. Azərbaycandan döyüşməyə gedən şəxslər barəsində məlumatların yayılması problemin öncə mövcudluğunu, sonra isə aktuallığını gündəmə gətirir.

Vurğulamağı vacib hesab edirik ki, bu cür halların meydana çıxması məsələyə diqqəti artırmağı diktə etməklə yanaşı, eyni zamanda, aktual olan problemin həllini də gündəmə gətirir. Təbii ki, ilk növbədə bu problemlərin həll olunmasında, aradan qaldırılmasında və bu cür hallara qarşı mübarizə aparılmasında problemi həll etməyə məsul olan dövlət qurumlarının fəaliyyəti əsas rol oynayır. Məsələyə ictimai dəstək də öz növbəsində qalmaqla əlbəttə ki.

Azərbaycandan döyüşməyə gedən soydaşlarımızdan söz açırıqsa, ilk növbədə gənclərimizin sözügedən problemin ortasına düşdüyünü vurğulamalıyıq. Təəssüflə qeyd edək ki, döyüşməyə gedən gənclər arasında elələri də tapılır ki, onlar ölkəni gənc xanımları ilə birgə tərk edirlər. Bəzi məlumatlarda isə hətta döyüş bölgələrində həyatlarını itirən gənclərin ailə üzvlərinin – həyat yoldaşlarının kiçik övladları ilə qızğın döyüş bölgələrində qaldıqları xəbərlərini də eşidirik. Bu hallar özlüyündə həyəcan təbili çalmağı gündəmə gətirir. Çünki müzakirəsini açdığımız mövzuda əsas problem vətəndaşlarımızın təhlükəsizliyidir.

Bu gənclər ölkəni tərk etməzdən öncə radikal cərəyanlara qoşulurlar. Onların qeyri-qanuni yollarla məmləkətlərini tərk etmələri və qızğın müharibənin getdiyi döyüş bölgələrində olmaları, döyüşlərdə iştirak edərək döyüşmələri, həyatlarını itirmələri, üstəlik ailə üzvlərinin də bu ortamlarda olmaları ciddi narahatlıq doğuracaq məsələlərdir. Sadaladığımız məsələlər kifayət qədər düşündürücüdür. Bu soydaşlarımızın taleyi artıq birmənalı təhlükədədir. Azərbaycanı tərk edəninin də, döyüş bölgəsində olanının da, döyüşlərdə iştirak edəninin də, ailəsi, körpə uşaqları müharibənin şiddətinin tam ortasında qalanının da və bu yola düşməyə qərar verib artıq yaşadığı məmləkətini tərk etməyə hazırlaşanının da…Bir sözlə, hamısının taleyi artıq odun-alovun tam ortasında.

İndi isə keçək bu gənclərin taleyinin qorunması məsələlərinə. Haradan başlamalı, problemlərin qarşısı haradan alınmalı, olaylara haradan müdaxilə edilməli. Sözügedən halların qarşısının alınması üçün mübarizəni haradan və necə başlamalı ki, gənclərimizi bu məmləkəti tərk etmədən, sərhədləri müxtəlif yollarla qanunsuz və yaxud qanuni keçərək bu yola düşmədən, ailə üzvlərini buradan çıxarmadan Vətənlərində durdurmalı. Bəli, döyüşməyə gedən gənclərimizin qarşısını məhz Azərbaycandaykən kəsmək lazım. Bu torpaqlardaykən qarşıları kəsilməli onların. Amma necə???

Sözügedən məsələlərlə əlaqədar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin mətbuat xidməti AZXEBER.com-un “Radikal cərəyanlara qoşulan vətəndaşlar, xüsusən də gənclərlə bağlı hansı işlər aparılır? sualını belə cavablandırıb: “Dini radikalizm və ekstremizmlə mübarizə həm inzibati, həm də ideoloji maarifləndirmə müstəvisində aparılır. Təbii ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə əsas fəaliyyəti dini maarifləndirmə müstəvisindədir. Dövlət Komitəsi həm milli-mənəvi dəyərlərimizin təbliğ olunması, həm də radikalizm meyllərinin qarşısının alınması məqsədilə dini maarifləndirmə işini gündən-günə gücləndirir. Son aylar ərzində Dövlət Komitəsi bu istiqamətdə onlarla tədbir həyata keçirib. Həmin tədbirlər Bakı ilə yanaşı regionları, din xadimlərini, dini icmaları, gəncləri və əhalinin digər təbəqələrini əhatə edir. Bizim əsas silahımız sözdür və bu silahdan maksimum istifadə etməyə çalışırıq.

Bizi dinləyib müraciətimizi cavablandırdığı üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə öncə təşəkkürümüzü bildiririk. Amma təbii olaraq sonra qeyd etməyi önəmli hesab edirik ki, verilən cavab həllini gecikmədən gözləyən çox aktual olan problemin çözülməsində nəzərə çarpacaq dərəcədə azlıq təşkil edir. Çünki görünən dağa bələdçi lazım olmadığı kimi, bu problemlərin həllində sözlə mübarizənin də kifayət etmədiyi açıq-aşikar ortada. Təəssüflər olsun ki. Deməli, düşünmək zamanı gəldi keçir dostlar...

Bizi narahat edən bir çox mətləblərin üzərinə işıq salmağa çalışırıq. Bu səbəbdən də cavabını axtardığımız sualları araşdırmaq istədik. Aşağıda qeyd edəcəyimiz sualları sıralamaqla mətbuatın vasitəsi ilə geniş ictimaiyyətin və məsul qurumların diqqətini bir daha bu məsələyə yönəltmək niyyətindəyik:

- Azərbaycandan indiyə kimi nə qədər döyüşməyə gedən şəxs olub?

- Nə qədər vətəndaşımız hazırda müharibə gedən ölkələrdədir və döyüşür?

- Bu günə kimi müharibə gedən ölkələrdə nə qədər azərbaycanlı həyatını itirib?

- Nə qədər azərbaycanlı gəncin ailə üzvü müharibə gedən ölkələrdə qalıb?

- Bu insanların taleyi ilə bağlı hazırda hansı işlər görülür?

- Görülən işlər sırasında müharibə zonasında olan şəxslərin azad edilməsi istiqamətində işlər aparılırmı?

- Onların xilas edilməsi üçün hansı işlər görülür?

- Müharibələrdə itkin düşmüş övladlarını axtaran ailələrlə paralel olaraq iş aparılırmı?

Sualların sırasını uzatmaq da olar. Amma ən azından bu sualların diqqətdə belə saxlanması yaxşı olardı ki, gənc vətəndaşlarımızın qaranlığa qərq olmuş, qəflətdən odun-alovun içərisinə düşmüş talelərini xilas etmək istiqamətində üfüqdə gün işartıları görünsün...

Sonda isə fikirlərimizə soz ardı olaraq:

Suyu sızanda qarşısını kəsmək yaxşı...

Azxeber.com

OXŞAR XƏBƏRLƏR