Ebola epidemiyası yenidən genişlənir. Son həftələrdə qeydə alınan yeni yoluxma hallarının artması nəticəsində epidemiya tarixi baxımdan üçüncü ən böyük Ebola yayılması səviyyəsinə çatıb. Beynəlxalq səhiyyə qurumları xəstəliyin xüsusilə Mərkəzi və Qərbi Afrikada sürətlə yayılmasının regional səhiyyə sistemlərinə ciddi təzyiq göstərdiyini və qlobal riskləri artırdığını bildirirlər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında deyib ki, Ebola hemorajik qızdırma yaradan viruslardan biridir:

"Ebola hemorajik qızdırma yaradan viruslardan biridir. Zoonotik virusdur, əsasən meyvə yarasalarında müşahidə olunur. İnsanlara onların qanı, sekreti, ağız suyu dəyən qidalar vasitəsilə yoluxur. Yoluxanlar da bir-birini təmas yolu ilə yoluxdura bilirlər”.
Professor qeyd edib ki, Ebolanın hava-damcı yolu ilə keçməsi qeydə alınmayıb:
"Hələlik Ebola və digər hemorajik qızdırmaların hava-damcı yolu ilə keçməsi qeydə alınmayıb. Əgər bu baş versəydi, çox təhlükəli pandemiyalar yarana bilərdi. Ona görə də belə infeksiyalar hansısa bir yerdə epidemiya yaradanda, Ümumdünya Səhiyyə Təşkilatı onun üzərinə düşür və onu mənbəyində lokallaşdırmağa çalışır. Çünki bu virus insanda yayıldıqca daim yeni xassələr əldə edir. Virusa yoluxan insandan sonra virus insanın qanı, ağız suyu, qusuntusu, tər, südü, sperması və s. bioloji mayeləri vasitəsilə başqa insanlara keçə bilir”.
A.Qeybulla deyib ki, bu virus ölümcül ola bilər:
"Ebola virusunun inkubasiya dövrü 3-21 günə qədərdir. Yoluxmadan sonra təxminən 3-7 gündən sonra infeksiya özünü göstərir. Əvvəlcə qripə bənzər əlamətlər, sonra mədə-bağırsaq əlamətləri və sonda hemorajik qızdırma başlayır. Bu zaman daxili orqanlarda qanaxmalar ola bilər və bu da ölümə gətirib çıxara bilər. Belə infeksiyaya yoluxanlar dərhal xəstəxanaya yerləşdirilir”.
Həkim bildirib ki, infeksiyanın Azərbaycana gəlməsi mümkündür:
"Bu infeksiyanın Azərbaycana gəlməsi mümkündür. Amma buna baxmayaraq Azərbaycana gətirildiyi təqdirdə lazımi karantin tədbirləri dərhal görülməli və infeksiya mənbəyində lokallaşdırılmalıdır.
Transsərhəd hərəkət ciddi nəzarətə götürülməlidir. Xüsusən qonşu ölkələrdə hallar varsa - məsələn, İranda vəziyyət necədir, yoluxma halları varmı - bu barədə artıq məlumatlar var və hesab edirəm ki, biz diqqətli olmalıyıq. Mən Ebola virusunun geniş bir pandemiya yaradacağını düşünmürəm. Amma hər halda virusun mümkün epidemiyaları gələcəkdə daha ciddi problemlər yarada bilər”.
Şahanə Ziyad











































