Son illər televiziya kanallarında yayımlanan verilişlərdə həkimlərin reklam və sponsorluq fəaliyyətində iştirakı diqqət çəkir.
Bəzi həkimlərin efirdə çıxış etmək və verilişlərə sponsorluq etmək üçün 16 min manatadək vəsait ödədiyi bildirilir.
Tanınmış teleaparıcı Elgiz Əkbər də televiziya verilişlərində, xüsusilə sosial layihələrdə sponsorluq qiymətlərinin yüksək olmasından narazılığını ifadə edib:
"Bir insanın gəlib efirdə çıxış etməsi niyə 16 min manat olmalıdır? Hamı bilir ki, televiziya verilişində çıxış etməyin qiyməti 16 min manatdır. Hələ baş sponsorların ödədiyi məbləğləri demirəm. Niyə?”
Məsələ isə həkimlərin reklam və sponsorluq fəaliyyətindən əldə etdikləri gəlirləri yenidən gündəmə gətirib. Belə ki, bu qədər yüksək reklam xərci çəkən həkimlərin aylıq qazancı nə qədərdir və onlar dövlət büdcəsinə nə qədər vergi ödəyirlər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadi ekspert Günay Hüseynova bildirib ki, səhiyyə sahəsində nəzarət mexanizmlərinin yetərli olmaması bu sektorda ciddi problemlərə yol açır:
"Səhiyyə Nazirliyinin Dövlət Vergi Xidməti ilə birgə monitorinqləri və ciddi yoxlamaları aparılmadığı üçün səhiyyə sisteminin 90 faizi əsl bazara çevrilib. Xəstə artıq sağlam olduğu halda belə, gələcəyini düşünərək indidən pul yığmağa məcbur qalır. Əslində, tibbi xidmətlər, vəkillik və mühasibatlıq kimi sahələrdə reklam qadağan edilməlidir. Bir sıra ölkələrdə bu cür qadağalar mövcud olsa da, təəssüf ki, ölkəmizdə belə bir məhdudiyyət yoxdur".
Ekspert həkimlərin yüksək məbləğdə reklam xərcləri müqabilində ödədikləri vergilərin də araşdırılmasının vacibliyini vurğulayıb:
"Həkimlərin həmin rəqəmlər müqabilində nə qədər vergi ödəməsinə gəlincə, əgər bu gəlirlər leqallaşdırılsaydı və vergilər tam, ədalətli şəkildə ödənilsəydi, ölkədə ən yüksək pensiya alan şəxslər məhz həmin həkimlər olardı. Digər bir məsələ isə həkimlərin bütün əmlak və gəlirlərinin müqayisəli şəkildə yoxlanılmasıdır. Bu zaman onların qeyri-leqal və ya vergiyə cəlb edilməyən gəlirləri də üzə çıxardı".
Fəridə Əsədzadə










































