Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. AZXEBER.COM-un məlumatına görə, bu layihə çərçivəsində deputatın təklif etdiyi mövzu ilə bağlı tələbələrin müxtəlif janrlarda yazdığı məqalələr Modern.az saytında yerləşdirilir. Bir müddət öncə deputat Vahid Əhmədovun təklif etdiyi mövzu üzrə qalib tələbə seçilmişdi. Həmin tələbə Bakı Dövlət Universitetində təhsil alır.Bu dəfə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayıb. Deputat bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür: “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır”. “Dilimiz mənəviyyatımızdır” mövzusunda yazılan bütün yazılar 15 gün müddətində Modern.az saytında dərc edilib və onlar Jalə Əliyevaya təqdim olunub.Millət vəkili Modern.az-a açıqlamasında qalib tələbəni seçdiyini bildirib. Onunun sözlərinə görə, BDU-nun 4-cü kurs tələbəsi Əfsələddin Ağalarovun “Dilim-dilim doğranılan ana dilim!” adlı yazısını 1-ci yerə layiq görüb.Deputat 2-ci yeri Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin tələbəsi Hacıbəy Heydərlinin “Bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini əlindən al” adlı yazısına,
3-cü yeri Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Xəyalə Mahmudovanın “Dilimiz varsa, biz də varıq...” adlı məqaləsinə verib.