Əfsələddin Ağalarov: “Onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur“

Əfsələddin Ağalarov: “Onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur“
MEDİA
00:43 15.07.2014
2636

“Azərbaycanda internet tam azaddır və hər kəs bu qlobal məkanda istədiyi fikri yayımlaya, öz baxışlarını paylaşa bilir”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri Aktual.az-a "Azxeber.com” portalının baş direktoru, gənc fəal Əfsələddin Ağalarov son zamanlar Azərbaycanda internetin azad olub-olmamasıyla bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.  Ə.Ağalarovun sözlərinə görə, Azərbaycanda internetin azadlığı bütün istiqamətlərdə təmin edilir: “Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur. Hazırda ölkə əhalisinin təxminən 70%-i internet istifadəçiləridir. Bölgələrdə, ən ucqar kəndlərdə belə sürətli internetdən istifadə etmək mümkündür. Bu da dolayısıyla internet mediaya marağı durmadan artırır. Təsadüfi deyil ki, bu gün ölkə gündəmini müəyyənləşdirən informasiyaların 90%-i məhz intenet mediyanın üzərinə düşür. Hər gün yeni informasiya portalları fəaliyyətə başlayır və onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Hansısa bir məhdudiyyətin olması ilə bağlı iddialar düşünürəm ki, əsassızdır. İnternetin durmadan inkişafı ölkədə vətəndaş jurnalistikasının inkişafına da yol açır. Artıq biz jurnalistlər sosial şəbəkə istifadəçilərin hansısa bir məlumatını oxuculara təqdim edirik. Hansısa bir foto və ya video ölkənin ictimai rəyini müəyyənləşdirə bilir. Artıq hər kəs öz profili vasitəsi fərdi jurnalist, fərdi repartyor rolunda çıxış edir”. Ə.Ağalarovun sözlərinə görə, internetdə insanların şərəf və ləyaqətinin qanunla mühafizəsi üçün mövcud qanunvericilkdə edilən dəyişiklik yüksək qiymətləndirilməlidir: “Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Düzdür, təhqir və böhtanlara görə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə dəyişiklik edilərək ora “internet” sözü də əlavə edilib. Düşünürəm ki, ineternet azadlığı deyərkən digər bir tərəfdən başqasının hüquqlarının pozulmasına yol vermək olmaz. Qanunlar ümumiyyətlə hüquqların qorunmasını tənzimləyir. Bu qanunda birbaşa Azərbaycanda internet azadlığı ilə yanaşı insan hüquqlarının da müdafiəsini təşkil edir. Bu gün heç bir jurnalist internetdə yazdığı məlumata görə təqibə məruz qalmırsa, deməli bu ölkədə internet medianın azadlığından danışmağa dəyər”.

OXŞAR XƏBƏRLƏR