Əhməd Obalının döyülməsinin arxasında kimlər dayanır?

SOSİAL
14:49 22.05.2023
1712
Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu ABŞ-da döyülüb.
 
Məlumata görə, onları döyən şəxslər saxlanılıb. Hazırda araşdırma aparılır. 

Bəs görəsən Əhməd Obalıya bu hücumun arxasında kimlər dayanır? 

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a bildirib ki, Əhməd Obalı vaxtilə Günaz TV-ni təsis etməklə mürəkkəb bir işə girişib:

"Əhməd bəylə təxminən 15 ildir tanışıq. Bakıya hər gələndə görüşməyə çalışırıq, bu alınmayanda telefonla da müxtəlif mövzular ətrafında uzun-uzun müzakirələr aparırıq. Əhməd Obalı dostlar qazanmaqla yanaşı, düşmənlərinin də hədəfinə gəlib. Günaz TV təsis edildiyi ilk gündən İranın Azərbaycan əleyhinə dövlət təbliğatına, "Səhər” televiziya kanalının davamlı təxribatlarına qarşı mübarizə aparıb. Bu mübarizə Tehranı hər zaman rahatsız edib. Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, demək İran "şeytan” adlandırdığı əsas düşməni ABŞ ərazisində də hədəf seçdiyi insanları təqib edə bilir. Amerikada şah tərəfdarları da fəaldırlar, onlar sözdə İrandakı rejimə qarşı mübarizə apardıqlarını bəyan etsələr də, Azərbaycan məsələsində mövqeləri üst-üstə düşür, onlardan da təxribat gözləmək mümkündür”.

Politoloq Qabil Hüseynlinin AZXEBER.COM-a açıqlamasında deyib ki, bu hücumun arxasında İran dayanır:

"Əhməd Obalı  bütün həyatını İrandakı soydaşlarımızın azadlığı uğrunda mübarizəyə həsr edib. İranda  yaşayan azərbaycanlıların hüquqlarının qorunması istiqamətində işlər görüb. Əhməd Obalı hər zaman İran hökumətini sərt tənqid edirdi. İllərdir ki, o İran dini rəhbərliyindən müxtəlif təhdidlər alırdı. İndi isə bunu vəhşicə həyata keçirdilər. Mən əminəm ki, bunun üstü açılacaq. Bu vəhşiliyi həyata keçirənlər öz layiqli cəzalarını alacaqlar”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR