Tez-tez xarici səfərlərdə olduğunu, Rusiya, Türkiyə, Avropa və Balkan ölkələrinə səfərlər etdiyini bildirən Əhməd Şahidov şeirlərinin yalnız Azərbaycan dilində olmasının xarici dostları və tanışları tərəfindən oxuna bilməməsi ilə izah etdi: “Özüm Moskvada təhsil alıram, hər il çoxlu sayda elmi konfranslarda oluram, səfərlərə çıxıram, xaricdəki dostlarımla mütəmadi yazışmalarım olur, onlar da şeirlərimi oxumaq istəyirlər. Amma neyləyim ki, şeirlərim təkcə Azərbaycan dilindədir. Sosial şəbəkələrdə tez-tez şeirlərimi paylaşıram, xarici dostlarım başa düşə bilmir mənasını.”
Bu tendensiyanın cəmiyyətimizdə böyük marağa səbəb olacağını bildirən gənc şair Əhməd Şahidov ingilis dilində şeirlər kitabının gənc şairlər arasında bir ilk olacağını da söylədi: “İngilis dilinə tərcümə olunan şeirlər kitabımı yalnız ingilis dilli oxucular arasında yaymağı düşünürəm. Tərcümənin keyfiyyəti və cəmiyyətdəki rezonansı necə olacaq, onu zaman göstərər” – deyə Əhməd Şahidov əlavə edib.Qeyd edək ki, gənc şair Əhməd Şahidov eyni zamanda elmi fəaliyyətlə də məşğul olur. Filologiya üzrə fəlsəfə doktoru olan Əhməd bəy Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında təhsil alır, indiyə kimi bir elmi monoqrafiyası və bir şeirlər kitabı çapdan çıxıb.