Əhmədlidə çay evində qətl törədən gənclərin məhkəməsi başlayır

Əhmədlidə çay evində qətl törədən gənclərin məhkəməsi başlayır
Bütün Xəbərlər
11:09 23.07.2015
1862
Anar Şahları çay evinin arxasına dəvət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Musayevin (1988-ci il təv.), Abdulla İsmayılovun (1993-cü il təv.) 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və Loğman Rəhimovun (1992-ci il təv.) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu il fevralın 6-sı gecə saat 01.45-də Xətai rayonu M.Rüstəmov küçəsində fəaliyyət göstərən “Arabeska” çay evində baş verən kütləvi dava qətl hadisəsi ilə nəticələnib. Dava zamanı bıçaqlanan şəhər sakinləri Anar Qəhrəmanov və Şahlar Məmmədov (1989-cu il təv.) 1 saylı Kliniki xəstəxanaya çatdırılıblar, lakin həkimlərin müdaxiləsinə baxmayaraq sonuncu kəskin qanitirmədən vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, səhərisi gün isə istintaq Bakı ş. prokurorluğuna həvalə edilib. Ayın 7-də Bakı ş. Baş Polis İdarəsi və Xətai RPİ 34-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən Emin Musayev və Abdulla İsmayılov, həmçinin hadisə vaxtı silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq cinayətini törətməkdə şübhəli bilinən Loğman Rəhimov tutulublar və onların barələrində Səbail rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, ayın 5-i axşam saat 23 radələrində Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov və Anar Qəhrəmanov “Arabeska” çay evində olarkən orada olan Şahlar Məmmədov və onunla birlikdə olan digər iki nəfər tanışları arasında yaranmış mübahisə zəminində Anar Şahları çay evinin arxasına dəvət edib. Başlanan dava zamanı Şahlar Məmmədov üzərində gəzdirdiyi bıçaqla Anar Qəhrəmanova xəsarət yetirib, Emin Musayev, Abdulla İsmayılov və Loğman Rəhimov isə əl və ayaqla, həmçinin bıçaqla Ş.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməklə, onu qətlə yetiriblər və hadisə yerindən qaçıblar.
Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilməklə yanaşı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 24-nə təyin olunub.
OXŞAR XƏBƏRLƏR