Artıq çəkidən xilas olmaq istəyən insanların müraciət etdiyi üsullardan biri də mədəkiçiltmə əməliyyatıdır.
Bu əməliyyat zamanı mədənin ölçüsü kiçildilir və insan əvvəlki ilə müqayisədə daha az qida qəbul edir. Nəticədə çəki itkisi sürətlənə bilər. Lakin arıqlamaqla yanaşı, müəyyən sağlamlıq riskləri də yarana bilər.
AZXEBER.COM xəbər verir ki, həlimlərin sözlərinə görə, əməliyyatdan sonra ilk günlərdə qanaxma, infeksiya, qan laxtalanması və narkozla bağlı problemlər yarana bilər. Bəzi hallarda mədə və bağırsaqlarda əməliyyat zamanı birləşdirilən hissələrdən sızma da baş verə bilər. Nadir hallarda bu ağırlaşmalar insan həyatı üçün təhlükə yarada bilər.
Əsas problemlərdən biri isə əməliyyatdan sonrakı dövrdə qida maddələrinin çatışmazlığıdır. Xüsusilə mədənin bir hissəsinin bağırsaqlardan yan keçdiyi əməliyyatlarda orqanizm dəmir, vitamin və digər faydalı maddələri əvvəlki qədər yaxşı qəbul etməyə bilər. Bu isə qanazlığı, halsızlıq və sümüklərin zəifləməsi kimi problemlərə səbəb ola bilər.
Bundan başqa, sürətli çəki itkisi öd kisəsində daş yaranması ehtimalını artıra bilər. Bəzi insanlarda ürəkbulanma, qusma, qarın ağrısı, qıcqırma, bağırsaqlarda tutulma və xora kimi problemlər də müşahidə olunur.
Mədəkiçiltmə əməliyyatından sonra bəzi insanlarda "dumping sindromu” da yarana bilər. Sadə dillə desək, bu zaman qəbul edilən qida mədədən bağırsağa həddindən artıq sürətlə keçir. Nəticədə yeməkdən sonra ürəkbulanma, qarın ağrısı, ishal, başgicəllənmə və tərləmə kimi əlamətlər ortaya çıxa bilər.
Bununla belə, mədəkiçiltmə əməliyyatlarının yalnız mənfi tərəflərdən ibarət olduğunu demək düzgün deyil. Ağır piylənməsi olan insanlarda bu üsul əhəmiyyətli çəki itkisinə səbəb olmaqla yanaşı, şəkərli diabet, yüksək qan təzyiqi və yuxuda nəfəsin dayanması kimi problemlərin azalmasına da kömək edə bilər.
Lakin əməliyyat arıqlama prosesinin sonu deyil. Əksinə, yeni həyat tərzinin başlanğıcıdır. Əməliyyatdan sonra düzgün qidalanmaq, həkimin təyin etdiyi vitaminləri qəbul etmək, fiziki aktivliyi qorumaq və mütəmadi tibbi müayinədən keçmək vacibdir.
Fəridə Əsədzadə










































