"Litva Azərbaycanla nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Rəsmi Vilnüs Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsini və regionun inkişafına töhfə verməyi vacib hesab edir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, regionda baş verən prosesləri yaxından izləyirlər və əldə olunacaq razılaşmaların nəqliyyat və enerji sahələrində müxtəlif layihələrin həyata keçirilməsi üçün daha əlverişli şərait yaradacağına ümid edirlər.
O qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabit tərəfdaşlığın qurulmasında, bütövlükdə regionda rifahın təmin olunmasında maraqlıdır.
Budris vurğulayıb ki, Avropa İttifaqı bu istiqamətdə öz təcrübəsini bölüşməyə hazırdır. Onun sözlərinə görə, Litva Ukrayna və Moldova ilə əməkdaşlıq çərçivəsində əldə etdiyi təcrübəni də bu prosesə töhfə vermək üçün təqdim edə bilər.
Aynur Babazadə











































