63 saylı Sabirabad birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Elçin Quliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun təhsil işçiləri ilə görüşü keçirildi
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə YAP tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Elçin Quliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Dünən Sabirabad rayonunun təhsil işçiləri ilə keçirilən görüşə çoxlu sayda insan qatılmışdı.
Görüşü YAP Sabirabad rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin sədri Nadir Quliyev açaraq partiyanın ölkəmizin inkişafındakı rolundan danışdı. Onun sözlərinə görə, YAP 670 mindən artıq üzvü, ətrafında birləşdirdiyi ciddi intellektual potensialı və uğurlu fəaliyyəti ilə nəinki ölkəmizin, eləcə də Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır. Məhz belə bir güclü siyasi təşkilatın seçkilərdə qələbəsi zərurətdir.
Deputatlığa namizəd təhsil işçiləri ilə görüşündə ölkə təhsilinə göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev elm və təhsilin inkişafını prioritet məsələ elan etməklə ölkəmizdə insan kapitalının yaradılması ideyasını gerçəkləşdirməyi önə çəkir. İnsan kapitalı isə hər bir ölkənin ən böyük milli sərvətidir. Elə ona görə də 2016-cı ilin dövlət büdcəsinin digər müsbət xarakteri ondadır ki, burada təhsilə ayrılan xərclərin xüsusi çəkisi artmışdır. Təhsil xərcləri son illərdə olduğu kimi, yenə də büdcənin ən iri maddələrindən biridir. Bu, önəmli meyil olmaqla bərabər, dövlətin təhsilə artan diqqət və qayğısının yeni təzahürüdür. Ölkə rəhbərinin sözləri ilə desək, fenomenal iqtisadi inkişaf sürətinə görə dünyada öncül mövqeyə qalxan Azərbaycanın növbəti hədəflərindən biri ölkənin regional elm və təhsil mərkəzinə çevrilməsindən ibarətdir.
Elçin Quliyev bildirdi ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Təhsilin İnkişaf Strategiyasının əsas məqsədi məhz nəzərdə tutulan hədəflərin tezliklə reallaşdırılmasına hesablanıb. Bu gün ölkəmizin təhsil sisteminin dünya standartlarının tələbləri səviyyəsində yenidən qurulması təhsilin idarəetmə sistemində demokratik prinsiplərin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsini, dünya təhsil məkanına inteqrasiyanın sürətləndirilməsini, təhsilin keyfiyyətinin yüksəldilməsini, bu sahədə informasiya -kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsini tələb edir. Qeyd etmək vacibdir ki, artıq bu sahədə genişmiqyaslı fəaliyyətə başlanılmışdır.
Görüşdə iştirak edən müəllimlər Elçin Quliyevin seçkiqabağı platforması ilə tanış olduqlarını və burada əhəmiyyətli istiqamətlərin mövcudluğunu bildirdilər. Onlar bu seçkidə də YAP-ın namizədinə səs verəcəklərini birmənalı şəkildə ifadə etdilər.





