Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov kitab yarmarkalarının keçirilməsinə qadağa qoyub.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı "Qanun" nəşriyyatının direktoru Şahbaz Xudaoğlu "facebook" hesabında paylaşıb. Onun sözlərinə görə, yeni qərara görə artıq şəhərdə kitab yarmarkaları keçirilməyəcək. Eldar Əzizov bununla bağlı icra hakimiyyətinin əməkdaşlarına göstəriş də verib. Həmin statusu təqdim edirik:
"Gənclik metrosunun yaxınlığında köhnə kitablar bazarını xatırlayan varmı? Hər həftənin şənbə-bazarında, bayram günlərində, ağacların kölgəliyində səkilərə düzülərdi.
Hökumət Evinin yaxınlığında, Kitab Evinin qarşısındakı kitab bazarını da yəqin, xatırlayarsız. Bu yaxınlarda avropalı birinin Bakı ilə bağlı xatirələrində o kitab bazarından böyük həvəslə bəhs etmişdi. İndi bu yerlər yoxdur. Bukinistlər də öz yerlərini masajxanalara verməyə məcbur oldu. Kirə qiymətlərini kitab satmaqla ödəyə bilmədilər.
Köhnə kitab bazarları Bakının ən azı teatrları qədər qorunmağı haqq edir. Mədəniyyət mərkəzlərini deyə bilmirəm, çünki onlar qorunmadı.
Biz hər il parklarda kitab yarmarkaları təşkil etməklə yaddaşları təzələmək istədik. "Əlyazmalar yanmır deyirlər, amma "kitablar unudulur”, lazım gələndə hətta "yandırılır” - biz bunu öz təcrübəmizdən bilirik. Bakı Şəhər Ticarət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlar, jurnalistlərlə kitab satırdıq. Parklarda gəzişən, təsadüfi keçənlərə yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq.
...Bu il isə OLMAZ! Deyirlər, Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir.
Əksinə olmalı deyilmi? Və əslində, biz də əksini gözləyirdik.
Parklarda keçirilən yarmarkalar hesabına nə qədər oxucu tapmışıq, nə qədər kitab dostu qazanmışıq. Oxuculardan kitablar haqqında nə qədər xoş sözlər eşitmişik. İndi bu məhrumiyyətin səbəbi nədir?
Ən zəif həlqə kimi niyə həmişə kitab seçilir? Yoxlama kitaba gəlir, gömrük kitabı durdurur, bomba nəşriyyatda axtarılır, oğru kitab dükanını yarır, başçı kitabı yasaq edir..."
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Qanun” Nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun kitab satışına qadağa qoyulması ilə bağlı iddiasına münasibət bildirib.
BŞİH-in Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov "Report”a açıqlamasında deyib ki, şəhər rəhbərliyinin kitab satışına qadağa qoyması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ticarət və Xidmət Departamentinə müraciət edərək "Gənclik” metrostansiyasının çıxışında kitab yarmarkası keçirmək istədiyini bildirib: "Departamentdən Şahbaz Xuduoğluna rəsmi olaraq bildirilib ki, həmin ərazi Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin nəzarətindədir, razılıq üçün həmin quruma müraciət edilməlidir. Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyətini ittiham etmək doğru deyil”.
İ.Kərimov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitaba böyük marağı var, hər zaman kitabın təbliğatına üstünlük verib: "O, özü də bir neçə kitabın müəllifidir. Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman həmin ərazilərdə dəfələrlə kitab yarmakaları təşkil edib. Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman "Sahil bağı”nda böyük kitab yarmarkası təşkil edilmişdi. Həmin yarmarkada Şahbaz Xuduoğlu da iştirak edib. İndi isə Şahbaz Xuduoğlunun bu cür mövqedən çıxış etməsi təəssüf doğurur”.
Qeyd edək ki, Ş.Xuduoğlu sosial şəbəkədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitab satışına qadağa qoyduğunu yazıb.