Nəinki mən, bütün Azərbaycan xalqı 9 oktyabr seçkilərini çox yüksək qiymətləndirir.
Bu seçkilər bütövlükdə Azərbaycan xalqının iradəsinin ifadəsini əks etdirir. Bu fikirləri AZXEBER.COM- a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, parlamentin komitə sədri Eldar İbrahimov dilə gətirib. Onun dediyinə görə, indi Azərbaycan xalqının müdrik seçiminə və iradəsinə də heç kim, heç bir qüvvə təsir göstərə, müdaxilə edə bilməz və bu yöndə istənilən cəhdlər də uğursuzluğa məhkumdur: “Şəxsən mən özüm beynəlxalq təşkilatların müşahidəçiləri ilə, konkret olaraq, ATƏT-in xətti ilə, o cümlədən, bəzi digər ölkələrdən gələn müşahidəçilərlə görüşmüşəm, müzakirələr aparmışam. Onlar da hamısı bir nəfər kimi təsdiqləyiblər ki, 9 oktyabr seçkiləri tam azad, ədalətli, demokratik və şəffaf şəkildə keçirildi. İnsanlar sərbəst şəkildə öz səsvermə hüququndan yararlana bildilər, seçkilərdə böyük seçici fəallığı, əhval-ruhiyyəsi var idi və sair. Bu da həqiqətdir və indi kimlərinsə bunu görməməzliyə vurması cığallıqdan, qərəzlikdən başqa bir şey deyil. Onu deyim ki, əksər səsvermə məntəqələrinin orta məktəb binalarında, səhiyyə obyektlərində təşkil edilməsi də əla oldu. Çünki xaricdən gələn insanlar da bir daha öz gözləri ilə şahid oldular ki, Azərbaycanda nə cür inkişaf, abadlıq, müasirləşmə var. Onlar Azərbaycanın inkişafına heyran qalmışdılar. Bütün bunları deməklə bir daha qeyd edirəm ki, 9 oktyabr seçkiləri Azərbaycan xalqının iradəsinin ifadəsidir, Azərbaycan xalqı yenə müdrik seçimini edərək, böyük səs çoxluğu ilə ölkə prezidenti İlham Əliyevi növbəti dəfə dövlət başçısı seçdi və indi hər kəs də bu seçimə hörmətlə yanaşmalıdır”. Ölkə prezidentinin xalqa müraciətində korrupsiyaya qarşı mübarizənin gücləndiriləcəyi ilə bağlı tezislərə toxunan YAP-çı deputat deyib ki, İ.Əliyevin onillik prezidentliyi dövründə bu istiqamətdə xeyli işlər görülüb və uğurlu nəticələr əldə edilib: “Elə hesab edirəm ki, növbəti 5 ildə daha çox diqqət Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldiləcək. Onsuz da bu məsələ daim Azərbaycan dövlətinin və ölkə prezidentinin diqqətindədir. Bu münaqişənin həlli istiqamətində işlər bir an olsun belə, dayandırılmayıb. Bununla belə, növbəti 5 ildə bu problem daha çox diqqət mərkəzində olacaq və nəhayət, öz həllini tapa biləcək. Eyni zamanda, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri də cənab prezidentin qeyd etdiyi kimi, növbəti illərdə davam etdiriləcək və gücləndiriləcək. Bütün sahələrdə olduğu kimi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində də böyük uğurlar əldə ediləcək və təmiz əllər mövcud olacaq”.