Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq

Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
İQTİSADİYYAT
13:12 06.10.2026
108
Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Aqrar sahə haqqında" yeni qanunun layihəsi ictimai müzakirəyə təqdim edilib. "Aqrar sahə haqqında” yeni qanun layihəsi kənd təsərrüfatında geniş dəyişikliklər nəzərdə tutur. Layihə qəbul edilərsə, hazırda qüvvədə olan "Taxıl haqqında”, "Çayçılıq haqqında”, "Pambıqçılıq haqqında” və "Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv ediləcək.

AZXEBER.COM xəbər verir ki, İqtisadçı Eldəniz Əmirov bildirib ki, layihə aqrar sahədə bir sıra yeni mexanizmləri bir araya gətirir:

"Layihə aqrar sahədə bir sıra yeni mexanizmləri bir araya gətirir. Onlardan biri kənd təsərrüfatı məhsulları istehsalçılarının reytinq sisteminin yaradılmasıdır. Fermerlərin iqtisadi səmərəliliyi, resurslardan və dövlət dəstəyindən istifadə qaydası qiymətləndiriləcək, bu göstəricilər dəstək tədbirləri zamanı nəzərə alınacaq. Layihədə müqaviləli istehsalın genişləndirilməsi də nəzərdə tutulur. Fermer məhsul yetişdirilməzdən əvvəl alıcı ilə məhsulun miqdarı, keyfiyyəti və qiyməti, yaxud qiymətin müəyyənləşdirilməsi qaydası barədə razılığa gələ biləcək. Əmirovun fikrincə, bu mexanizm fermerin satış riskini azalda bilər. Qanun layihəsinə əsasən, zərurət yarandıqda dövlət aqrar bazara müdaxilə edə, məhsul alıb ehtiyat yarada və onun saxlanma xərclərini subsidiyalaşdıra bilər. Bu tədbirlər, xüsusilə məhsul bolluğu zamanı, qiymətlərin kəskin düşməsinin qarşısını almağa kömək edə bilər”.

İqtisadçı deyib ki, sənəddə torpaq sahələrinin konsolidasiyası, kooperativləşmə və vahid əkin imkanları da yer alıb:

"Sənəddə torpaq sahələrinin konsolidasiyası, kooperativləşmə və vahid əkin imkanları da yer alıb. Məqsəd kiçik və parçalanmış torpaq sahələrinin yaratdığı səmərəsizliyi azaltmaqdır. Fermerlərin satış imkanlarının genişləndirilməsi üçün aqrar bazar və yarmarkalarla yanaşı, fermer mağazaları, səyyar satış məntəqələri və elektron platformaların yaradılması nəzərdə tutulur. Layihə subsidiya, güzəştli kredit və lizinq, qrant, dövlət investisiyası, vergi və gömrük güzəştləri, aqrar sığorta kimi dəstək vasitələrini də əhatə edir. Regionların aqrar ixtisaslaşması və bitkilərin rayonlaşdırılması dövlət dəstəyi zamanı nəzərə alına, fermerlərin qeydiyyatı və dəstək tədbirləri ilə bağlı məlumatlar isə rəqəmsal sistemdə toplana bilər”.

O qeyd edib ki, qanunda nəzərdə tutulan mexanizmlərin nəticəsi onların tətbiqindən asılı olacaq:

"Qanunda nəzərdə tutulan mexanizmlərin nəticəsi onların tətbiqindən asılı olacaq. O vurğulayıb ki, tətbiq qaydaları aydın hazırlanmalı, qurumlar arasında səlahiyyət və məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməli, regionlarda icra prosesləri əlaqələndirilməli, fermerlər üçün prosedurlar sadə və anlaşıqlı olmalıdır. Dövlət dəstəyinin meyarları, reytinq sisteminin işləmə prinsipi, bazara müdaxilə halları və müqaviləli istehsalda tərəflərin hüquqlarının qorunması əvvəlcədən dəqiqləşdirilməlidir. Həmçinin qanunun bütün regionlarda vahid prinsiplərlə tətbiqinə, fermerlərin dəstəyə bərabər çıxışına və qərarların icrasına nəzarət olunmalıdır”.

"Əgər tətbiq qaydaları aydın, icra mexanizmi işlək, qurumlar arasında koordinasiya düzgün və nəzarət effektiv olarsa, yeni qanun aqrar sahədə məhsuldarlığın, investisiyanın, fermer gəlirlərinin və bazara çıxış imkanlarının artmasına real töhfə verə bilər. Əks halda, qanunun özündən gözlənilən iqtisadi nəticələri əldə etmək çətin olacaq”, - deyə Eldəniz Əmirov qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR