"Bu gün Türkiyə dünyanın 20 ən böyük dövlətindən biridir. Dünyanın 20 böyük iqtisadiyyatından biri Türkiyədədir. Türkiyə dünyada hərbi, ideoloji, siyasi, iqtisadi gücü ilə mühüm yer tutur. Azərbaycan da bu gücə güc qatacaq inkişaf səviyyəsinə gəlib çıxıb. Bütün bunların fonunda yaxın gələcəkdə Türkiyə və Azərbaycan vahid mövqedən çıxış etmək imkanlarını daha da genişləndirəcəklər”. Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Ə.Həsənovun sözlərinə görə, bu birlik heç bir xalqa, dinə, millətə və yaxud digər struktura qarşı yönəlməyib: "Biz öz varlığımızı qoruyuruq və istəyirik ki, dünyada da bizim varlığımıza, dinimizə, dilimizə, mədəniyyətimizə, bizim maddi-mənəvi dəyərlərimizə hörmətlə yanaşsınlar. Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin ərazisində gözümüz yoxdur. Eyni zamanda, istəyirik ki, bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar. Biz dünya birliyinin bərabərhüquqlu üzvü kimi ona verdiyimizdən çox şey istəmirik. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə dünyada verdiklərinin əvəzini istəyir".
PA-nın şöbə müdiri bildirib ki, bir müddət əvvəl Türkiyədə Qərb ölkələrinin başlatdığı Ermənistanla sərhədlərin açılması kampaniyasına qarşı iki ölkənin mediası yekdillik nümayiş etdirdi: "Baxın, ABŞ kimi dövlət Avropadakı müttəfiqlərini səfərbər edərək, Azərbaycanın işğal olunmuş əraziləri və ondan irəli gələn vəzifələri qulaqardına vuraraq, ikili standartlardan çıxış edərək Türkiyə ilə Ermənistanın sərhədlərinin açılmasını istəyirdi. Bu sərhədlərin hansı səbəbdən bağlandığını hamımız bilirik. Türkiyə qardaş dövlət kimi Azərbaycan torpaqlarını işğal edən bir dövlətə sərhəd açmayacağını, onunla heç bir diplomatik, iqtisadi, siyasi münasibətlər yaratmayacağını, torpaqlar işğaldan azad edilməyənədək onunla heç bir əlaqə qurmayacağını bəyan edib. Bu günədək də sərhədlərin bağlı qalması Türkiyə xalqının, dövlətinin iradəsidir. Xalqın və dövlətin iradəsini zorlamağa çalışan beynəlxalq qüvvələr bilməlidirlər ki, qarşılarında təkcə hakimiyyət strukturlarını deyil, xalqları, dövlətləri və onların iradəsinin təmsilçiləri olan jurnalistləri də görəcəklər".
Ə.Həsənov qeyd edib ki, Azərbaycan mediası 2015-ci il qondarma "erməni soyqırımı"nın "ildönümü" ərəfəsində çoxlu mühüm iş aparır: "Bəzən adama elə gəlir ki, "soyqırım" iddiaları Türkiyəyə deyil, Azərbaycana qarşı çevrilib. Çünki Azərbaycan dövlətinin, ictimaiyyətinin, qeyri-hökumət təşkilatlarının, medianın bu istiqamətdəki fəaliyyəti də Türkiyədəkindən daha güclü təəssürat bağışlayır. Biz türk xalqına və türk adına tuşlanmış hər bir əsassız iddialara qarşı heç bir dövlətdən, kənar mərkəzdən komanda gözləmədən getməliyik, gedirik və gedəcəyik. Türkiyəlilərin ünvanına yönələn hər bir ittiham o cümlədən azərbaycanlıların ünvanına yönəlib".
PA rəsmisi hazırda Azərbaycan və Türkiyə jurnalistlərinin birliyi istiqamətindəki addımları önəmli hesab etdiyini deyib: "Türkiyə-Azərbaycan mediası indiyədək olduğu kimi, bundan sonra da bütün səviyyələrdə öz səylərini birləşdirəcək".