Əli Kərimlini ‘Meydan’a verən Emin Millinin nağılı

Əli Kərimlini ‘Meydan’a verən Emin Millinin nağılı
Bütün Xəbərlər
12:57 30.09.2013
4518

Əfsələddin Ağalarov

Biri var idi, biri yox idi! Uzaq-uzaq dağlar arxasındakı diyarda öz ölkəsindən qaçıb başqa bir ölkəyə sığınan və özünü padşah elan edən Emin Milli adlı bir gənc yaşayırmış. Günlərin bir günü bu “padşah” aləmə car çəkir ki, bəs qaçan qaçsın, gizlənən gizlənsin, “biz gəlirik”. Elə bu haqq-hesabı eşidən, Avropanın suyundan bir qurtum içən “sərkərdə”lər qaça-qaça bu “padşah”ın yanında öz yerini alır. Hamını bir meydana yığan “padşah” zirehli “sərkərdə”ləri ilə birlikdə yaşadığı ölkəylə bağlı ətraf ölkələrdəki dostlarının köməkliyi ilə bütün qeybətləri ekranlaşdırmağa başlamaq əmri verir. Bax beləcə Meydan TV yaranır.

Əslində, bu nağılların əvvəli kimi sonu da alışdığımız cümlə ilə qurtarmalıdır. Ancaq göydən 3 almanın düşdüyü nağıllarda padşah nə qədər zalım olursa olsun, vəzir nə qədər fürsətcil olursa olsun, ortada həm padşahı, həm də vəziri mat qoyan bir çoban oğlu, bir Kəloğlan olmalıdır.

Haqqında bəhs etdiyim bu nağılda isə nə bir söz altında qalmayan çoban oğlu, nə də fərəsəti ilə sonda padşah qızı ilə evlənən Kəloğlan var. Bu nağılda ən çox gözə dəyən “yalançı çoban”lardır.

Nağıllarla, dastanlarla meydan sulayan Emin Milli və onun “peşəkar” komandasının sonuncu dəfə Hafiz Hacıyevin Əli Kərimli haqqında dediyi fikirləri “Youtube” yerləşdirib 2-3 saat sonra silməsi artıq bu şəxslərin niyyətini hamıya faş etdi. Bilməyənlər üçün deyim ki, “Meydan TV”nin hazırladığı sonuncu sujetdə Hafiz Hacıyev AXCP sədri Əli Kərimli haqqında “Yoxlasanız, onun uşaqları bəlkə də məndəndir” cümləsini işlədib. Bu qeyri-etik ifadəni ictimailəşdirmək qərarına gələn “padşah” və onun komandası daha kreativ olduqlarını sübut etməyə çalışıb. Sonda isə “padşah”ın əmri ilə həmin sujet “Youtube”dən silinib. Nəticə isə ortadadır.

Söz yox ki, bu gün Azərbaycan cəmiyyəti kimin nə olduğunu və onun hansı sözü doğru, hansı sözü yalan dediyini çox yaxşı bilir. Partiya sədri Hafiz Hacıyevin özünü Jirinovskiyə bənzətmək niyyəti hələ prezident seçkilərindən öncə fiaskoya uğrayıb. Bu da aydındır ki, kiminsə şəxsiyyəti, ailəsi ilə bağlı qeyri-etik ifadə işlətmək mənəviyyatdan uzaq hərəkət kimi qiymətləndirilməlidir. Çünki Hafiz Hacıyevin bu cəmiyyətdəki yeri və insanların onun şəxsiyyəti ilə bağlı fikirləri hamıya gün kimi aydındır.

Bu haqq-hesabdan sonra “padşah”ın vəziri Həbib Müntəzir “Facebook”dakı statusunda qeyri-peşəkarlıqlarını öz dili ilə belə ifadə edib:

Meydan TVəməkdaşları olaraq 7 nəfər müzakirə etdik, sadəcə 2 nəfər videonun montaj edilib yayımlanması, digər 5 nəfər isə olduğu kimi yayımlanması tərəfdarı oldu. Sadəcə təəssüf edirəm”.

Bu özünü Azərbaycanda yaşayan insanlardan daha müasir, daha demokratik, daha üsyankar hesab edən “padşah” və onun komandasının nə birinci, nə də axırıncı qeyri-peşəkar hərəkətidir. Bir müddət öncəyə qayıtsaq, Meydan TV-nin sıralarından çıxan Camal Əlinin tərbiyəsizliyini yada salmış olarıq. Azərbaycan bayrağını təhqir edən bu şəxsin məhz Meydan TV-nin əməkdaşı ola-ola bu hərəkəti etməsi o zaman da böyük səs-küyə səbəb olmuşdu. Yadımdadır, hələ bayrağımızı təhqir edən bu şəxsə debatlarda, “Facebook”da, bəzi müəllif yazılarında qahmar duranlar da az deyildi. Ancaq xalqını, bayrağını, millətini sevən hər bir azərbaycanlı bu yaramazın cəzasını çox keçmədən verdi. Və Camal Əli öz layiqli cəzasını tapdı.

Hələ mən Emin Millinin özünü yeni “padşah” elan etdiyi dönəmdə ermənilərin “Agos” qəzetinə verdiyi müsahibəsini demirəm. Özünü Azərbaycan xalqının xilaskarı kimi göstərməyə çalışan Milli müsahibəsində ermənilərə Azərbaycan haqqında ağız dolusu giley-güzaranını bildirmişdi.

Görünür,bu nağıl hələ çox yuxu aparacaq. Ancaq Emin Milli bir şeyi unudur ki, bu xalq göydən üç almanın düşdüyü nağılları daha çox sevir, nəinki “yalançı çobanlar”ın baş qəhrəmanı olduğu nağılları.

OXŞAR XƏBƏRLƏR