“Əli Kərimli və onun kimilər həmin adamlardır ki, Avroviziya mahnı müsabiqəsi zamanı ölkənin imicinə xələl gətirmək üçün aksiyalar keçirməyə cəhd edirdilər”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları Birliyi” nin sədri Təhmasib Novruzovdeyib. Onun sözlərinə görə, bütün bu böhtan və şərlər bunların davamıdır: “Mən xəcalət çəkirəm ki, Azərbaycanın Əli Kərimli kimi cılız düşüncəli “siyasətçisi” var. Bu gün bütün Azərbaycan onun kim olduğunu yaxşı bilir. Hər kəs bilir ki, Əli Kərimli yalan vədləri ilə gəncliyimizi məhvə sürükləyir. Müxalifətin siyasəti Azərbaycanı Avropanın vassalına çevirməyə çalışmaqdır. Azərbaycan prezidenti İlham Əliyev “BP” şirkətini tənqid etdikdən sonra ona qarşı şər və böhtanlar başladı. Demək istədiyim odur ki, Əli Kərimli kimiləri milləti uçuruma apardığı günləri xatırlasınlar. Ulu Öndər Heydər Əliyev olmasaydı, bu gün nə Azərbaycan adlı bir dövlət, nə də belə bir xalq mövcud olardı. Bu gün onun davamçısı olan İlham Əliyevin ölkəni bu cür sürətlə irəli aparmasını etiraf etmək lazımdır. Müxalifət o demək deyil ki, korrupsiya üstündə işdən çıxarılan məmuru müdafiə etsin. Artıq Azərbaycan cəmiyyəti Əli Kərimlinin sifətinə bələddir. Mənə qarşı atılan şər və böhtanlara gəlincə isə o, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova rəsmi ərizəmə cavab gəldikdən sonra bu hərəkətinin cavabını verəcək”.
Həmçinin Təhmasib Novruzov bildirdi ki, hər zaman Əli Kərimli ilə bu məsələ ilə bağlı açıq debata hazıram. “Bir zamanlar İsa Qəmbərlə bağlı açıqlamalarım olanda, o diqqəti yayındırmaq üçün müxtəlif variantlara əl atmışdı. Onda mətbuatla müraciət etdim ki, buyursun çıxaq debata, ancaq o gəlmədi. Bu gün də həmin sözləri Əli Kərimliyə deyirəm: “Əgər özündə cəsarət tapırsa, özünə əmindirsə onunla istənilən vaxt istənilən mediada debata çıxmağa hazıram. Əgər fikrindən hansısa başqa variantlar keçirirsə, narahat olmasın! Əli Kərimli bilsin ki, yaşım çox olsa da, onunla qarşı-qarşıya gələrəm və qatlayıb dizimin altına qoyaram”.