Əli Kərimlinin mühafizəçisi Azərbaycandan Avropaya şikayət etdi
Bütün Xəbərlər
15:02 28.08.2012
1071
AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovun işindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunub. Bəhruz Həsənov Azərbaycan dövlətindən 11 min avro təzminat istəyir. Məlumatı “Media forum”a Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev verib. Bəhruz Həsənov İnzibati Xətalar Məcəlləsinin 313-cü (Polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə təqsirli bilinib və iyulun 11-dən 21-dək həbsdə olub. Əsabəli Mustafayev bildirib ki, Bəhruz Həsənov qanunsuz tutulub: “Onun Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan bəzi hüquqları, o cümlədən ədalətli mühakimə hüququ pozulub. Bəhruz Həsənov siyasi ayrı-seçkiliyə məruz qalıb. Mühafizəçinin həbsi AXCP sədri Əli Kərimlinin yaxın ətrafına, tərəfdarlarına qarşı repressiyanın tərkib hissəsidir. Hökumət davamlı olaraq Əli Kərimlinin tərəfdarlarını həbs edir, onlara təzyiq göstərir. Avropa Məhkəməsinə göndərdiyimiz şikayətdə bu məqamları qeyd etmişik”.