Prokurorluq orqanları tərəfindən korrupsiya cinayətlərinin təhlükəli təzahürlərindən olan rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri davam etdirilərək son günlər bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində bir sıra əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Respublika Baş Prokurluğunun mətbuat xidmətindən verilən məlumata görə, 2-ci qrup əlil Talıb Fərəcovun təkrar müəyinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilib, cinayət törətmiş şəxs ifşa olunaraq məsuliyyətə cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev təkrar komissiyadan keçmək üçün müraciət edən Talıb Fərəcovdan 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat məbləğində rüşvət tələb edib, sonuncu bir gün sonra 400 manat düzəldə biləcəyini bildirdikdən sonra bu barədə onunla razılaşıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 oktyabr 2011-ci il tarixdə Vahid Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1.1-ci maddəsi ilə cinayət işi başlanıb, Vahid Gülmalıyevə həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.