"Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü tədrisin sosial təsir gücünü artırmağa xidmət edə bilər"

"Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü tədrisin sosial təsir gücünü artırmağa xidmət edə bilər"
SOSİAL
22:20 08.05.2025
410
Xəbər verdiyimiz kimi, TikTok sosial media platforması Elm və Təhsil Nazirliyinin dəstəyi ilə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir.
 
İlk dəfə keçirilən müsabiqədə ümumi təhsil, ali təhsil, eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər. 
 
Bəs Azərbaycan müəllimləri üçün bu cür müsabiqənin keçirilməsinə ehtiyacı varmı?
 
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən keçmiş təhsil naziri Misir Mərdanov bu müsabiqənin xeyirli bir iş olmadığını deyib:
  

 

"Sosial şəbəkədə müəllimlər üçün bu tip müsabiqənin keçirilməsi xeyirli bir işə oxşamır. Çünki ola bilər ki müəllim bu işdən başı yaxşı çıxan birinə onun üçün kontent hazırlamaqla bağlı sifariş versin. Bu isə həqiqəti əks etdirməyəcək. Belə halların olması da qaçılmaz faktdır. Mənə belə gəlir ki, biz hələ belə bir müsabiqəyə hazır deyilik. Mən belə hesab edirəm ki, bəlkə daha yaxşı başqa şeylər düşünmək olardı. Hələlik bu haqda bir şey demək çətindir. Ancaq bunun çox da xeyirli olacağına inanmıram"

Azərbaycan müəlliminin dərs prosesini videoya çəkib, sosial şəbəkədə paylaşmasına ehtiyac varmı? sualına isə Misir Mərdanov belə cavab verib:
 
"Əgər müəllim özü hazırlayıb, nümunəvi dərs prosesini çəkib, təqdim etsə və digər müəllimlər də ondan yararlansalar bunu müsbət hal hesab etmək var. Əgər belə olsaydı bu eyni zamanda müəllimlərin bu ixtisasının artırması, bilik və bacarığının yüksəldirməsi istiqamətində də yaxşı bir iş olardı. Ancaq olacaqmı, onun haqqında əvvəlcədən nəsə söyləməyə şəxsən mən çətinlik çəkirəm".
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, müsabiqə şərtlərinə görə dərs zamanı video çəkən müəllimin görüntüləri müəyyən baxış sayına malik olmalıdır ki, o qalib olsun. Bu da akademik göstəricilərdən populyarlığa keçirmə riskini yaradır:
 

"Elm və Təhsil Nazirliyinin müəllimlər üçün TikTok platformasında "#AzərbaycanMüəllimləri” adlı müsabiqə elan etməsi rəqəmsal transformasiyanın təhsilə təsirinin genişlənməsinin yeni nümunəsidir. Bu təşəbbüs, bir tərəfdən təhsilin müasir texnologiyalarla və gənc nəslin gündəlik ünsiyyət platformaları ilə inteqrasiyasına cəhd kimi qiymətləndirilə bilər, digər tərəfdən isə onun ideoloji, pedaqoji və sosial nəticələri dərin təhlil tələb edir. Müsabiqənin əsas şərtlərinə görə, müəllimlər maarifləndirici məzmunlu video hazırlayaraq TikTok-da paylaşmalı, #AzərbaycanMüəllimləri həştəqi ilə bu videonu yaymalı və ən çox baxış sayına nail olan müəllimlərə mükafat təqdim olunmalıdır. Bu isə müəllim fəaliyyətinin meyarını tədricən akademik göstəricilərdən populyarlığa keçirmə riskini yaradır.


Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, təhsilin əsas prinsiplərindən biri onun humanistliyi, milliliyi və ümumbəşəriliyi ilə yanaşı, elmə, texnologiyaya və innovasiyaya əsaslanmasıdır. Bu kontekstdə rəqəmsal platformaların, o cümlədən sosial medianın təhsildə istifadə olunması müasir dövrün tələbidir. Lakin bu istifadənin necə həyata keçirildiyi və hansı çərçivədə təşviq edildiyi məsələnin mahiyyətini dəyişir. TikTok əyləncə məzmunu üzərində qurulan və çox zaman vizual effektlərlə diqqət cəlb edən bir platformadır. Bu mühitə müəllimləri cəlb etməklə, pedaqoji məqsədli kontentin populyarlaşmasına nail olmaq mümkün olsa da, əsas dəyər ölçüsünü "baxış sayı” kimi təyin etmək maarifləndirmə yerinə sadəcə diqqət uğrunda yarışa səbəb ola bilər".

Kamran Əsədov bu müsabiqənin müəllimlərin media savadlılığını inkişaf etdirə biləcəyini də bildirib: 
 
"Təhsil Nazirliyinin bu təşəbbüsündə müsbət tərəf ondan ibarətdir ki, müəllimlərin yaradıcılıq bacarıqlarının stimullaşdırılması və onların cəmiyyətə daha yaxın olması üçün yeni vasitə təqdim edilir. Eyni zamanda bu müsabiqə müəllimlərin media savadlılığını inkişaf etdirə, onların innovativ tədris üsullarını paylaşmaq imkanlarını genişləndirə və tədrisin sosial təsir gücünü artırmağa xidmət edə bilər. Bütün dünyada təhsilin vizuallaşdırılması prosesi sürətlənir. Məsələn, ABŞ, Böyük Britaniya və Cənubi Koreyada müəllimlər öz fənləri üzrə tədris videolarını YouTube, Instagram Reels və TikTok kimi platformalarda paylaşaraq on minlərlə izləyici toplayır. Bu isə bir növ qeyri-formal, lakin effektiv ictimai təhsil formasına çevrilib. Ancaq bu ölkələrdə bu proses tənzimlənmiş media siyasəti, müəllim etikası və kontent keyfiyyətinin nəzarəti ilə müşayiət olunur.

Bu cür müsabiqələrdə iştirak imkanı şəhərlərdə və texnoloji baxımdan üstün məktəblərdə çalışan müəllimlər üçün daha əlçatan olacaq deyən ekspert, bölgə müəllimlərinin  nə peşəkar kontent hazırlamaq, nə də sosial media strategiyası qurmaq bacarığı olmadığını xüsusi vurğulayıb:
 
"Azərbaycan reallığında isə bu təşəbbüsün tətbiqi şəraiti fərqlidir. Bölgələrdə texnoloji infrastruktur zəifdir, müəllimlərin əksəriyyətinin nə peşəkar kontent hazırlamaq, nə də sosial media strategiyası qurmaq bacarığı yoxdur. Dövlət Statistika Komitəsinin 2023-cü il göstəricilərinə görə, kənd məktəblərində çalışan müəllimlərin 38%-i yüksək sürətli internetə daimi çıxış imkanına malik deyil. Bu o deməkdir ki, bu cür müsabiqələrdə iştirak imkanı şəhərlərdə və texnoloji baxımdan üstün məktəblərdə çalışan müəllimlər üçün daha əlçatan olacaq. Bu da təhsil sistemində əlavə bir qeyri-bərabərlik qatını formalaşdıracaq. Həmçinin burada diqqət çəkən əsas problem müəllimin peşə nüfuzunun ictimai reytinqə, "layk”a və baxış sayına bağlanmasıdır. Bu, pedaqoji fəaliyyətin kommersiyalaşdırılmasına, formanın məzmun üzərində üstünlük qazanmasına və uzunmüddətli nəticədə müəllim obrazının ciddiliyinin sarsılmasına səbəb ola bilər".

Bununla nələrin dəyişəcəyini sadalayan təhsil eksperti belə davam edib:
 
"Nə dəyişəcək sualının cavabı ondan ibarətdir ki, bu təşəbbüslə müəllimlər ictimai rəqəmsal məkanlarda daha çox görünməyə başlayacaqlar, lakin bu görünürlük onların pedaqoji keyfiyyətlərinə yox, texnoloji və vizual təqdimat bacarıqlarına əsaslanacaq. Əgər bu proses davamlı olarsa, müəllim nüfuzu yeni estetik meyarlarla – kamera açıları, musiqi altlığı, video montaj qabiliyyəti ilə ölçüləcək. Bu isə akademik fəaliyyətə yox, vizual performansa əsaslanan müəllim modelinin formalaşmasına gətirib çıxara bilər.

Nə dəyişməlidir sualına gəldikdə isə, təhsil sahəsində rəqəmsal təşəbbüslər yalnız forma yox, məzmun üzərində qurulmalıdır. Müsabiqələrin meyarları baxış sayı deyil, məzmunun elmi, metodiki və pedaqoji dəyəri əsasında qiymətləndirilməlidir. Bunun üçün Nazirlik hər fənn üzrə ekspert komissiyaları yaradaraq təqdim olunan videoları elmi və pedaqoji dəyərinə görə qiymətləndirməlidir. Həmçinin region müəllimləri üçün texniki dəstək, montaj və rəqəmsal təqdimat bacarıqları üzrə təlimlər keçirilməli, platformaya çıxışda bərabərlik təmin edilməlidir. Digər vacib məsələ isə müəllimlərin sosial mediada davranışı, etik prinsiplər və pedaqoji məsuliyyət haqqında təlimatların verilməsidir. Əks halda bu cür təşəbbüslər "müəllim–influencer” qarışığı olan yeni, lakin qeyri-ciddi obrazların yayılmasına gətirib çıxaracaq.

Beynəlxalq müqayisə göstərir ki, rəqəmsal maarifləndirmə təşəbbüsləri uğur qazanması üçün yalnız texnologiya ilə deyil, təhsil fəlsəfəsi ilə uzlaşdırılmalıdır. Finlandiyada müəllimlərin sosial mediada fəallığı məktəb rəhbərliyi ilə razılaşdırılır və kontentin təhsilverici dəyəri məktəbin pedaqoji məqsədləri ilə uyğunlaşdırılır. Bu isə müəllim imicinin qorunmasını təmin edir. Azərbaycan isə bu təşəbbüsü yalnız texnoloji baxımdan deyil, həm də dəyərlər müstəvisində ciddi şəkildə tənzimləməlidir.

Nəticə etibarilə, TikTok müsabiqəsi ideya baxımından innovativ, forma baxımından cəlbedici, lakin məzmun və strategiya baxımından natamam təşəbbüsdür. Əgər bu təşəbbüs düzgün tənzimlənməzsə, müəllim peşəsinin intellektual əsaslarına yox, vizual effektlərə bağlanması təhlükəsini yaradar. Təhsil isə populyarlıq yarışına yox, düşüncə və dəyərlər sisteminə xidmət etməlidir"
 
Günel Hüseynli
 
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib. 

OXŞAR XƏBƏRLƏR