Dünyada qəbul edilən ən dürüst elmi qiymətləndirmə sistemi olan “Thomson Reuters İnstitute of Scientific İnformation” təşkilatının 2014-cü il üçün yaydığı növbəti hesabat Azərbaycan elminin, daha dorğusu azərbaycanlı alimlərin xarici elmi jurnal və dərgilərdə məqalələrinin sayının azaldığı faktını ortaya çıxardı.
Nəzərə alanda ki, ölkəmiz son illər bu hesabatlarda irəliyə yox, geriyə gedir, bu məsələni yenidən araşdırmaq qərarına gəldik.
İlk növbədə qeyd edək ki, həm ölkə başçısı İlham Əliyev, həm də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə elmi inkişafın qaçılmaz olduğunu deyərək, bu sahədə islahatlara ehtiyac olduğunu bildiriblər.
Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik”, AMEA prezidentinin isə “... Ali məktəblərədə elm tənəzzülə doğru addımlayır...” fikirləri fonunda bəs görəsən azərbaycanlı alimlərin xarici nəşrlərdə məqalələri niyə azalır?
Editor.az məsələyə Təhsil Nazirliyinin, AMEA-nın və ölkənin aparıcı ali məktəbi – BDU-nun mövqeyini öyrənməyə çalışıb.
Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova Editor.az-a açıqlamasında bildirib ki, məsələyə təbii yanaşır: “2008-ci ilin müvafiq dövrü ilə müqayisədə azərbaycanlı alimlərin Thomson Reuters İnstitute of Scientific İnformation” təşkilatının jurnallarında elmi məqalələrinin sayı artıb. Son illər müyyən azalma meylləri varsa, bu məsələni şişirtməyə ehtiyac yoxdur. Hesabat elə şeydir ki, hər il fərqli ola bilər. Buna təbii yanaşmaq lazımdır”.
AMEA-nın vitse-prezidenti İbrahim Quliyev Editor.az-a açıqlamasında bu məsələnin araşdırıldığını deyərək, mövzu ilə bağlı AMEA-nın Təşkilat şöbəsinin müdiri Əminağa Zahidovla danışmağımızı məsləhət gördü.
Editor.az-ın əməkdaşı dəfələrlə Əminağa Zahidova telefon açsa da, çoxsaylı cəhdlərimizə baxmayaraq, onunla danışmağa nail olmadıq.
Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə bunun obyektiv və subyektiv səbəblərinin olduğunu dedi: “Biz də tərəfimizdən bu məsələni araşdırırıq. Çalışırıq ki, bu sahədə müsbət nəticələr əldə edək”.
Editor.az oxucuların marağını nəzərə alıb, dünyada qəbul edilən ən dürüst elmi qiymətləndirmə sistemi olam “Thomson Reuters İnstitute of Scientific İnformation” təşkilatının son illərdə yaydığı hesabatların statistik göstəricilərini yenidən təqdim edir.
Qeyd: Yazı dərc olunandan sonra xaricdə yaşayan alimlərimiz Editor.az-a məlumat verərək bildiriblər ki, son 10 ildə dərc olunan məqalələrdən 382-si Cənubi Azərbaycan ünvanlıdır.