Elnur Aslanov: 'Onların üzərinə böyük məsuliyyət düşür'
Bütün Xəbərlər
12:40 10.04.2012
924
Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) ikinci konfransı keçirilib. Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov konfransla bağlı AzərTAc-a danışıb:- Budapeşt şəhərində Macarıstan Respublikasının parlamentində keçirilən Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) “Mən gənc səfirəm” adlı beynəlxalq konfransı işini uğurla yekunlaşdırıb. Avropanın 27 ölkəsində təhsil alan 300-ə yaxın gənc azərbaycanlı tələbə tədbirə qatılıb.Əgər Forumun Strasburq konfransında daha çox azərbaycanlı tələbələrin xaricdə təhsil almalarını nəzərdə tutan Dövlət Proqramı ətrafında müzakirələr aparılmışdırsa, Budapeştdə məzmun baxımından tamamilə fərqli və yeni ideyalar ətrafında geniş fikir mübadiləsi olmuş, qərarlar qəbul edilib. Artıq azərbaycanlı tələbə və gənc mütəxəssislərin təhsilləri ilə yanaşı, lobbiçilik fəaliyyəti günümüzün reallığıdır. Tələbələrin yeni lobbiçilik mexanizmlərinin, fəaliyyət strategiyalarının hazırlanmasına cəlb edilməsi, onların yaşayıb təhsil aldıqları ölkələrin xüsusiyyətlərinin nəzərə alınması əsasında fərdi strateji seçimlərin edilməsi Budapeşt konfransında xüsusi maraq kəsb edən müzakirəyə səbəb olmuşdur. Hər bir ölkənin özünəməxsusluğu ilə seçilməsi lobbiçilik fəaliyyətinin müxtəlifliyini nümayiş etdirir və onun hər bir ölkənin xüsusiyyətlərinə adaptasiya edilməsini zəruri edir. Konfrans çərçivəsində aparılan müzakirələr bir çox məsələlərə aydınlıq gətirdi. Əminəm ki, bu müzakirələr yeni kommunikasiya strategiyasının uğurla həyata keçirilməsinə xüsusi töhfə verəcəkdir.Dövlət rəsmiləri ilə gənclər arasında müxtəlif mövzular ətrafında maraqlı fikir mübadiləsi aparıldı, hökumət nümayəndələri təcrübələrini bölüşdülər. Azərbaycanın ümumi inkişaf strategiyasının bir-birini tamamlayan müxtəlif istiqamətləri – Azərbaycanın gələcək inkişaf xüsusiyyətləri və prioritet sahələri, “neft kapitalının insan kapitalına çevrilməsi”, yeni gənc mütəxəssislər nəslinin formalaşması, – belə tədbirlərin davamlılığını zəruri edir. Tədbir iştirakçılarının qərarı ilə növbəti konfransın 2013-cü ilin aprel-may aylarında İtaliyanın Roma şəhərində keçirilməsi nəzərdə tutulub.